21 noyabr 2012 00:58
Ağasəlim Mircavadov: Qurban Qurbanova böyük ümidlər bəsliyirik
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 13-cü turu Ağdamın “Qarabağ” klubu və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Simurq”la qarşılaşmada qazanılan 2:1 hesablı qələbə tarixi əhəmiyyət kəsb edib.
Məsələ ondadı ki, 135-ci dəfə ağdamlıları baş məşqçi kimi çempionat oyununa çıxaran Qurbanov 65-ci dəfə qələbə sevinci yaşayıb. Bununla da Qurbanov “Qarabağ”ın baş məşqçisi postunda çempionatda ən çox qələbə qazanan mütəxəssis olub. O, Ağasəlim Mircavadova məxsus rekordu arxada qoyub. Təcrübəli mütəxəssis 119 çempionat oyununda 64 dəfə “Qarabağ”ın qələbəsinə memarlıq edib, 33 heç-heçə edib və 22 dəfə məğlub olub. Bu qarşılaşmalarda top fərqi 185-87-dir.
Mircavadov saytımıza müsahibəsində Qurbanovun onu qabaqlamasına belə münasibət bildirib: “Bu xəbəri jurnalistlərdən eşitdim. Qurban vaxtilə mənim rəhbərliyim altında oynayıb. Keçmiş oyunçumun uğurları məni də sevindirir. Ümumiyyətlə, Qurbanovun hər uğuru məni çox sevindirir. Məşqçi kimi də ona böyük ümidlər bəsləyirik. Qoy həmişə elə bizi belə sevindirsin”.
