21 noyabr 2012 15:35
Azərbaycan Premyer Liqası 5 hakimli sistemə keçir
Gələn mövsümdən etibarən futbol üzrə Azərbaycan çempionatının oyunlarını beş hakim idarə edə bilər. Azerisport.az saytına müsahibəsində bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
“Noyabrın 14-15-də Nyonda hakimlərin seminarı keçirildi. Məhz həmin seminarda bildirildi ki, UEFA-ya üzv olan ölkələrdə növbəti mövsümdən etibarən bütün daxili çempionatlarda beş hakimli sistem tətbiq olunmalıdı”.
Qeyd edək ki, UEFA artıq öz bayrağı altında təşkil olunan Çempionlar Liqası və Avropa Liqası oyunlarında beş hakimli sistemdən yararlanır. Məhz bu sistemin müəyyən qədər faydalı olması qitə futbol qurumunu ruhlandırıb. Bu üzdən də indi bütün ölkə çempionatlarında beş hakimin xidmətindən yararlanması məqsədəuyğun hesab olunur.
Məmmədovun sözlərinə görə, artıq bu sistemə keçmək üçün müvafiq avadanlıqların alınmasına başlanılıb: “Yanvarda Antalyada hakimlərin ənənəvi təlim-məşq toplanışı baş tutacaq. Ora çoxlu sayda hakim aparacağıq. Türkiyədə yoxlama oyunları da keçirməliyik. Həmin oyunlarda bu sistemi sınaqdan keçirməliyik”.
Məmmədov eyni zamanda bu beş hakimli sistemin mənfi cəhətlərinə də toxundu: “Belə olan halda baş hakim daha çox qapı arxasında yer alan hakimin qərarından asılı olacaq. Çünki həmin epizoda ən yaxın məhz beşinci hakimlər olacaq. İstənilən halda əminəm ki, bizim hakimlər yeni sistemə alışa biləcəklər. Yayda hakimlərimizi avrokubok oyunlarına təyinatlar gözləyir. Ona görə də bu sistemə mümkün qədər tez keçməliyik”.
