21 noyabr 2012 17:58
Elxan Abdullayev: Neftçinin Partizanı məğlub etmək şansı az deyil
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Partizan” (Serbiya) matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi” və “Partizan”ın qrupdan çıxmaq şansı qalmayıb. Ona görə də bu qarşılaşma sadəcə üçüncü yeri tutmaq baxımından əhəmiyyət kəsb edə bilər. “Partizan” “Neftçi” ilə Belqraddakı uğursuz çıxışının əvəzini çıxmağa çalışacaq. “Neftçi” isə öz növbəsində ilk və tarixi qələbəsini rəsmiləşdirməlidi. Fikrimcə, “Neftçi”nin tarix yazmaq üçün əla şansı var. Əgər komandamız səfərdə heç-heçə etmişdisə, burda qələbə haqda düşünmək olar. Lakin komandamızın üzvləri arxayınlığa yol verməməlidilər. Eyforiyaya qapılmaq lazım deyil. “Partizan” çətin komandadı, ənənələri olan klubdu. Bu üzdən də proqnoz vermək çətindi. Hər şey ola bilər. Təcrübə, ustalıq səviyyəsi, avrokuboklarda iştirak baxımından “Partizan” favorit sayıla bilər. Amma komandamızın da qələbə qazanmaq şansı az deyil”.
