22 noyabr 2012 02:05
Yüzlərlə gənc futbolçumuz İspaniya yolunda (FOTOLAR)
Ötən gün axşam saatlarında "Bakı" futbol klubunun təlim-məşq bazasının mətbuat mərkəzində yerli media və mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirildi. Azerisport.az xəbər verir ki, "Bakı" futbol klubu və "Atletiko" Madrid klubları arasında imzalanan əməkdaşlıq müqaviləsinin əməli fəaliiyəti barədə geniş məlumat verilən konfransa "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov, AFFA baş katibi Elxan Məmmədov, "Atletiko" Madrid klubunun marketinq, korporativ əlaqələr və beynəlxalq layihələr üzrə baş meneceri Emilio Qurierres Bolloza (Emilio Gutierrez Boullosa) və klub bazasının direktoru Karlos Agilera Martin (Carlos Aguilera Martin), icraçı direktor Yaşar Seyidov və departament rəhbəri Nəriman Mehdiyev qatıldılar.
Mətbuat konfransını açıq elan edən Nəriman Mehdiyev layihə barədə qısa məlumat verdikdən sonra AFFA baş katibi Elxan Məmmədov bu əməkdaşlığın tək "Bakı" futbol klubu deyil, bütün Azərbaycan futbolu üçün böyük önəm daşıdığını söylədi. Klubumuzun prezidenti Hafiz Məmmədova təşəkkür edən baş katib AFFA-nın bu işdə "Bakı"ya tam dəstək olacağı sözünü verdi.
Emilio Bolloza nümunə kimi "Atletiko" Madrid klubunun Çin, Tailand, ABŞ və digər ölkələrin klubları ilə əməkdaşlığa başladıqlarını, əsas məqsədin gənc futbolçulara yüksək standardlara uyğun artımının təmin olunması üçün şans yarandıılmasının vacibliyini bildirdi. Cənab Bolloza layihə çərçivəsində yüzlərlə gənc futbolçunun Madriddə "Atletiko" futbol akademiyasında təhsil alacağını, bunun üzunmüddətli xarakter daşıyacağını qeyd etdi.
Azərbaycandan seçilən futbolçular 3 il ərzində İspaniyada təlim görərək, 2016-cı ildə ölkəmizdə keçiriləcək gənclər arasında Avropa çempionatında milli komandamızın əsasını təşkil edə bilərlər. Bu baxımdan layihə "Bakı" futbol klubunun miqyası ilə çərçivələnmir. Digər klubların istedadlı uşaqları da AFFA-nın dəstəyi və "Bakı" futbol klubunun hesabına Madridə yollanacaqlar.
Seçimlər AFFA və "Bakı" futbol klubu tərəfindən təşkil olunacaq və Madrid klubunun skautları öz seçimlərini edəcəklər. Bu məqsədlə yeni ilin əvvəllərində "Bakı" futbol klubunun bazasında xüsusi turnir təşkil olunacaq. Bu seçimlərə minlərlə uşaq qatılacaq. İlk mərhələdə 10-20 yaşları arasında olan futbolçuların seçimi ediləcək. Növbəti qruplar da müxtəlif yaşlı uşaqlardan təşkil olunacaq. 3 il ərzində yüzlərlə azərbaycanlı futbolçunun Madrid akademiyasında uzunmüddətli təlimi və tədrisi nəzərdə tutulur. Layihə "Bakı" futbol klubu tərəfindən maliyyələşdiriləcək.
Layihə çərçivəsində seçilən uşaqlar "Atletiko" klubunun ulduz futbolçuları ilə birlikdə məşqlər etmək imkanı əldə edəcəklər. Onlar "Atletiko"nun müxtəlif yaş qruplarında çıxış edən komandalarının heyətlərində oynayaraq, həm təcrübi, həm də fiziki göstəricələrini artıracaqlar.
Daha bir maraqlı xəbər "Atletiko" Madsrid klubunun gələn il Bakıya səfər etməsi ilə bağlı idi. Dünyanın seçilən klublarından biri olan "Atletiko"nun Bakıya səfər tarixləri barədə əlavə məlumat veriləcək.
Mətbuat konfransında səslənən fikirlər, suallar və cavablar, layihənin məqsədi və azərbaycanlı futbolçular yaranan geniş perspektivlər barədə növbəti videomaterialımızda tanış olun.
