23 noyabr 2012 13:52
ARDNŞ Hollandiya klubuna sponsorluq etməyəcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ/SOCAR) Hollandiyanın “Vitesse” futbol klubu ilə sponsorluq müqaviləsi bağlaması barədə yayılan məlumatları təkzib edib. Azerisport.az xəbər verir ki, bu barədə ARDNŞ-in mətbuat xidməti bəyanat yalanlayıb.
Mətbuat xidməti bu kimi xəbərləri şirkətin imicinə zərər vurmaq istəyənlərin yaydığını bildirib: “ARDNŞ-nin həyata keçirdiyi strateji layihələrin uğur qazanması, şirkətin beynəlxalq miqyasda getdikcə artan reytinqi son günlər yenə də onun işgüzar nüfuzuna xələl gətirmək məqsədilə çoxdan davam etdirilən sistemli qarayaxma kampaniyasını qızışdırıb. Azərbaycanda hasil olunan təbii qazın Türkiyə və Avropaya nəql edilməsini nəzərdə tutan “TransAnadolu” qaz boru xətti (TANAP) layihəsi Belçikada Avropa İttifaqı rəsmilərinin və Avropa Parlamenti nümayəndələrinin iştirakı ilə müvəffəqiyyətlə təqdim olunduqdan, Azərbaycan Milli Məclisində ratifikasiyadan keçirildikdən dərhal sonra ayrı-ayrı şəxslər və “ictimai təşkilatlar” tərəfindən şirkətin ünvanına əsassız və uydurma iddialar irəli sürülür”.
Məlumatda qeyd olunur ki, bəzi mətbuat orqanlarında ictimai rəyi çaşdırmaq üçün indi də belə bir məlumat yayılır ki, guya ARDNŞ özünü reklam etdirmək məqsədilə Hollandiyanın “Vitesse” futbol klubu ilə 10 milyon avro məbləğində sponsorluq müqaviləsi imzalayıb.
