23 noyabr 2012 16:59
“Neftçinin Partizanla heç-heçəsini uğursuzluq hesab etmirəm”
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” – “Partizan” (Serbiya) oyunundan (1:1) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Hər şey necə olmalı idisə, elə də alındı. Bundan artığını gözləmirdim. Biz onsuz da “Neftçi”dən çox şey tələb edirik. Onlar artıq böyük bir uğura imza atıblar, qrup mərhələsinə vəsiqə qazanıblar. “İnter”, “Rubin” kimi komandalar üzərində qələbə qazanmağımızı mən də çox istərdim. Amma bu, real deyildi. Təəssüf ki, dünən də bu istəyimizə çata bilmədik. Amma “Partizan”la heç-heçəni uğursuzluq hesab etmirəm. Rəqibi heç də zəif komanda hesab etməyin”.
Abdullayev daha sonra bunları söyləyib: “Birinci hissədə komanda kifayət qədər yaxşı təsir bağışladı. Amma fasilədən sonra “ağ-qaralar” sakitləşdilər. Bəlkə də, artıq hesabı qorumağa qərar verdilər. Hər halda müdafiədə buraxılan səhv sözünü dedi. Hətta rəqib azlıqda qalandan sonra da qol vura bilmədik. Fikrimcə, “Neftçi”nin bu mövsümkü nəticəsini birinci dəfə üçün normal saymaq olar. Məsələn, biz 10 il öncə qrup mərhələsinə düşsəydik, “Partizan”la oyunda qələbəni heç ağlımızdan da keçirməzdik. İndi isə “Rubin”, “İnter” kimi klublar üzərində qələbə qazanmaq istəyirik. Bundan sonra klublarımız üçün minimal vəzifə qrup mərhələsinə vəsiqə qazanmaq olacaq. Maksimum hədəf isə “Neftçi”nin bu il topladığından daha çox xal yığmaq ola bilər”.
Abdullayev istənilən halda “Neftçi”yə bu il imza atdığı uğurlara görə təşəkkür etməyin lazım olduğunu bildirib: “Neftçi” sağ olsun ki, Azərbaycan klubunun iştirakı ilə avrokubokların qrup mərhələsində altı oyun izləməyimizə şərait yaradıb. Adətən, biz belə oyunlarda başqa komandaların çıxışını izlərdik. Bu dəfə osə onların siyahısında Azərbaycan təmsilçisi də var. Çoxları “Neftçi”nin pis oynadığını düşünür. Lakin mən belə düşünmürəm. Sadəcə, təcrübə çatışmazlığı sözünü dedi. Məsələn, belqradlıların heyətində Saşa İliç 600-cü oyununu keçirdi. Amma “Neftçi”nin bəzi üzvləri heç Azərbaycan çempionatında 50 matç keçirməyiblər”.
Millinin sabiq çalışdırıcısı həmçinin “Neftçi”nin oyununa az azarkeş gəlməsinə də münasibət bildirib: “Mənə elə gəlir ki, klub bu oyunu Tofiq Bəhramov adına Respublika stadionuna salmaqla səhv addım atmışdı. Məsələn, bu qarşılaşmanı daha kiçik stadionlarımızda da təşkil etmək olardı. Arena kiçik olsaydı, azarkeşlər oranı tam doldura bilərdilər. Mən həmişə azarkeşlərə hörmət etmişəm. Lakin onlar stadiona heç də daim gəlmirlər. Çox təəssüf ki, dünən də stadion tam dolmamışdı”.
