24 noyabr 2012 01:36
Millimizin futbolçusu oynamadı, komandası xal itirdi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı “Milsami” Moldova çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası ölkə çempionatının 18-ci turu çərçivəsində “Zimbru” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də “Milsami” bu görüşdə qələbə qazanmağı hədəfləmişdi. Amma həmyerlimizin komandası qolsuz heç-heçəyə razılaşıb.
Son oyunlarda iştirak etməyən Elhadın bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, baş məşqçisi həmyerlimizə yenə şans verməyib.
Qeyd edək ki, hazırda “Milsami” 18 oyundan sonra 28 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Moldova çempionatı
18-ci tur
23 noyabr
Milsami – Zimbru – 0:0
