24 noyabr 2012 02:13
Xəzər Lənkəranla matç öncəsi Kəpəzə şad xəbər
Bu gün Gəncədə “Xəzər Lənkəran”la qarşılaşacaq “Kəpəz” oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, hazırlıq prosesində baş məşqçi Mahmud Qurbanov futbolçulara son təlimatlarını verib.
Yetirmələrini yormayan mütəxəssis təxminən 1 saat sürən məşqdə əsasən toplu çalışmalara yer ayırıb. Yeri gəlmişkən qeyd edək ki, artıq “Kəpəz”in zədəli üzvü Xəyal Zeynalovun durumu yaxşılaşıb. Dizindəki ağrılardan əziyyət çəkən qolkiper tibbi personalın əməyi nəticəsində artıq məşqlərə qoşulub. Komandanın digər zədəli futbolçusu olan Məhərrəm Hüseynovun da vəziyyəti qənaətbəxşdi. Uzun müddət yaşıl meydanlardan kənar qalan gənc futbolçu həftənin əvvəlindən fərdi halda məşqlərə başlasa da, son iki gündə komanda ilə birgə hazırlıq keçib.
