24 noyabr 2012 17:38
Əfqan Talıbov: Turanın da ilk altılıq iddiası var
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 14-cü turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qarabağ”ın oyununu təhlil etmişdik. Rəqibin hansı üslubda oynadığını, hansı keyfiyyətlərə malik olduğunu bilirdik. Mərkəzdə Riçard Almeydanı nəzarətdə saxlamaq üçün xüsusi oyunçu ayırmışdıq. Mən deyərdim ki, o futbolçu üzərinə düşən vəzifəni yerinə yetirdi. Futbolçulara ilk hissədə sırf hesabı qorumaq tapşırığı vermişdim. Lazım olanda əks-hücumlara qoşulmalı idik. Komanda birinci hissədəki vəzifəni yerinə yetirə bildi. İkinci hissədə Ballonu meydana buraxdım. O da əlinə düşən ilk fürsətdə qol vurdu. “İnter”lə oyundakı səhvlər üstündə xeyli işləmişdik. İkinci hissədə daha yaxşı təsir bağışladıq. 1:1 pis nəticə deyil. Millinin oyunu ilə əlaqədar Popoviçə istirahət vermişdik. Bizim də ilk “altılıq” iddiamız var, niyə də olmasın? “Turan” buna qadir komandadır”.
