27 noyabr 2012 02:27
İmaməliyev və Soltanov yenə Qarabağa qarşı oynamayacaq?
“Kəpəz” futbol üzrə Azərbaycan kubokunun 1/8 mərhələsinin “Qarabağ”la oyununda iki əsas heyət oyunçusunun xidmətindən yararlana bilməyəcək. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi Emin İmaməliyevlə hücumçu Bəxtiyar Soltanov Ağdam klubuna qarşı forma geyinməyəcək.
Buna səbəb onların heç də zədəli və ya cəzalı olması deyil. Sadəcə, bu yay məhz “Qarabağ”dan icarəyə götürülən futbolçularla müqavilə imzalanarkən, onların keçmiş komandasına qarşı oynamamasına dair xüsusi bənd salınıb. Məhz bu razılığa görə, İmaməliyevlə Soltanovun ağdamlılarla görüşdə oynaması gözlənilmir.
Maraq üçün xatırladaq ki, “Kəpəz” Topaz Premyer Liqasının 8-ci turunda da “Qarabağ”la oyunda bu futbolçuların xidmətindən eyni səbəbdən yararlana bilməmişdi.
