27 noyabr 2012 01:06
Branimir Subaşiç 111 günlük uğursuzluğa son qoydu
Topaz Premyer Liqasının XIV turunda “Kəpəz”i məğlub edən “Xəzər Lənkəran”ın qələbə qolunu Branimir Subaşiç vurdu. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu bununla da cari mövsümdə 5-ci qolunu vurmaqla komandanın ən yaxşı bombardirinə çevrildi. Branimir bu toplardan 3-nü Avropa Liqası, 2-ni Premyer Liqada vurub.
Subaşiç çempionatda son qolunu I turun avqustun 5-də “Rəvan”la səfər oyununda vurmuşdu. Həmin vaxtdan sonra 111 gündür uğursuzluq zolağına düşən hücumçu qol vura bilmirdi. Bu seriyaya son qoyan Branimir “Xəzər Lənkəran” karyerasında ümumilikdə 12-ci qolunu vurdu. Bununla da o, klub tarixində ən yaxşı bombardirlərin siyahısında 11-ci yerə şərik oldu.
Qollarından 8-ni çempionatda vuran hücumçu Premyer Liqada ən məhsuldar oyunçular siyahısında 13-cü yerə şərik oldu.
Branimir rəqib qapısına qolu penaltidən vurdu ki, bu onun 3-cü belə topudur. O, komandasında ən çox penalti vuran 4-cü futbolçudur. Ümumilikdə isə “Xəzər Lənkəran” yarandığı gündən müxtəlif turnirlərdə 33 penalti zərbəsi vurub. Oyunsonrası penaltilər seriyaları nəzərə alınmamaqla hesablanan bu 33 zərbədən yalnız 4-ü dəqiq olmayıb.
