28 noyabr 2012 00:12
Azərbaycan kubokunda 1/8 final həyəcanı
Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələnin bütün görüşləri eyni gündə baş tutacaq.
Qarşılaşmalardan dördü daha prinsipial xarakter daşıyır. Çünki həmin oyunlar Premyer Liqada çıxış edən klublar arasında keçiriləcək. Qalan dörd görüşdə isə vəziyyət fərqlidi. Məsələ burasındadı ki, həmin oyunlarda Premyer Liqada və Birinci Divizionda mübarizə aparan komandaların qarşıdurmasına şahidlik edəcəyik.
Son ölkə çempionu “Neftçi” aşağı divizion təmsilçisi “Tərəqqi” ilə üz-üzə gələcək. Gəncə təmsilçisi nominal ev sahibi olsa da, qarşılaşma Bakıdakı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Ona görə də qarşılaşmanın favoriti olan paytaxt təmsilçisinin qələbə qazanmasına hansısa maneə görünmür. Avropa Liqasında da çıxış edən “ağ-qaralar” gərgin qrafiklə oynaması səbəbindən bu oyuna əsas heyətlə çıxması gözlənilmir. Amma hətta buna rəğmən, gəncəlilərin sürprizə imza atmaq şansı çox cüzidi.
Bu oyunla eyni vaxtda start götürəcək digər qarşılaşmalar isə bir qədər prinsipial xarakter daşıyır. Çünki hər ikisi Premyer Liqa klublarının qarşıdurmasına səhnə olacaq. Gəncədə “Kəpəz” “Qarabağ”ı, Tovuzda isə “Turan” “Xəzər Lənkəran”ı qəbul edəcək. Ağdam və Gəncə klubları artıq bu mövsüm bir dəfə üz-üzə gəliblər. Elə Gəncədə baş tutan həmin görüşün 90 dəqiqəsiz qolsuz heç-heçə ilə başa çatmışdı. Ölkə çempionatında işləri o qədər də yaxşı getməyən və turnir cədvəlinin son pilləsində qərarlaşan Mahmud Qurbanovun komandası sürprizə imza atmaqla azarkeşlərinin gözü qarşısında bəraət almağa çalışacaq. Amma Qurban Qurbanovun komandası da iddialıdı və səfərə məğlub olmaq üçün getmir. Maraq üçün onu da qeyd edək ki, bu komandalar bir neçə gün sonra – dekabrın 7-də Premyer Liqada daha bir dəfə görüşməli olacaqlar.
Son turda səfərdə məhz “Kəpəz”i məğlub etməklə bir qədər özünə gələn “Xəzər Lənkəran”ı isə bu mövsüm bir sıra sürpriz nəticələrə imza atmağı bacarmış “Turan”la qarşılaşma gözləyir. Hansı ki, “ağ-yaşıllar” bu rəqibə cari mövsümdə məhz Tovuzda keçirilmiş ilk dövrə oyununda 1:2 hesabıyla məğlub olmuşdu. İndi cənub təmsilçisi həmin görüşdəki yenilginin qisasını almağa və növbəti mərhələyə adlamağa çalışacaq. Amma Əfqan Talıbovun gəlişindən sonra rəqibləri üçün əsl başağrısına çevrilmiş “Turan”ın “Xəzər Lənkəran”a asanlıqla təslim olacağı gözlənilmir.
Premyer Liqa klublarının ifasında daha bir kubok mücadiləsi “Bakı” ilə “Sumqayıt” arasında baş tutacaq. “Zolaqlılar” üçün bu qarşılaşmada qələbə qazanmaq bir sıra məqamlara görə vacib əhəmiyyət kəsb edir. Məsələ burasındadı ki, paytaxt klubu ölkə kubokunun son qalibidi. Ona görə Bojidar Bandoviçin komandası titulunu qorumaq yoluna bu rəqibini məğlub etməyə borcludu. Bu qələbə həm də Premyer Liqanın ilk dövrəsində Sumqayıtdakı 0:1 hesablı məğlubiyyəti unutdurmaq üçün də əhəmiyyətlidi. Görüşün evdə keçirilməsi də bakılıların şanslarını artıran məqamlardandı. Bu komandanın çempionatdakı uğursuz çıxışı da əsas diqqəti kuboka yönəltməyi tələb edir. Lakin “Sumqayıt”ın da bu oyuna məğlub olmaq üçün çıxmayacağı dəqiqdi.
Çempionatdakı işləri son dövrlərdə yaxşı gedən “Qəbələ” Birinci Divizionda çıxış edən “Qaradağ Lökbatan”la üz-üzə gələcək. Şübhəsiz ki, elitada çıxış edən meydan sahibləri görüşün favoritidilər. Çünki Ramiz Məmmədovun yetirmələri rəqibi evdə qəbul edəcək. Qələbələrini sıralamağa başlayan bu komandanın aşağı liqa klubuna uduzması inandırıcı görünmür. Lakin “Qaradağ Lökbatan”ın son mövsümdə Birinci Divizionun çempionu olması bu komandadan ehtiyatlanmağa məcbur edir.
Daha bir elita təmsilçisi və Birinci Divizion klubunun mübarizəsinə “Şəfa” stadionunda şahidlik edəcəyik. Burda “İnter” MOİK-in “qonağı olacaq”. Bəli, məhz qonağı. Çünki püşkə əsasən bu qarşılaşmaya məhz “hərbçilər” ev sahibliyi etməlidi. Amma klublar arasındakı razılaşmaya əsasən “İnter” öz meydanında aşağı liqa təmsilçisinə “qonaq olacaq”. Şübhəsiz ki, qarşılaşmanın aşkar favoriti Premyer Liqaya liderlik edən “bankirlər”di.
Günün ən maraqlı görüşlərindən biri Şüvəlanda keçiriləcək. Burda AZAL “Simurq”la üz-üzə gələcək. Hər iki komandaya yeni mövsümdə iddialıdı. Düzdü, Zaqatala təmsilçisi daha inamlı təsir bağışladığı halda, “təyyarəçilər” son dövrlər bir sıra xal itkiləri ilə üzləşib. Amma görüşün doğma meydanda keçirilməsi Vaqif Sadıqovun komandasının mərhələ adlamaq şanslarını artıran məqamlardandı.
Azərbaycan kuboku
1/8 final
28 noyabr (çərşənbə)
13:00. Tərəqqi – Neftçi
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Elgün Hüseynov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
13:00. Kəpəz – Qarabağ
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
Gəncə. Şəhər stadionu.
13:00. Turan – Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Gülağa Cabarov.
Tovuz. Şəhər stadionu.
13:15. Bakı – Sumqayıt
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Ramiz Əsədov, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əli Hüseynov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
13:30. Qəbələ – Qaradağ Lökbatan
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Rasim Əhmədov, Camaləddin Hacıyev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ. Şəhər stadionu.
17:45. AZAL – Simurq
Hakimlər: Vüsal Əiyev, Rahil Ramazanov, Coşqun Həsənov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. AZAL Arena.
18:00. MOİK – İnter
Hakimlər: Elçin Məmmədov, Cavanşir Yusifov, Elşən Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu.
18:00. Rəvan – Neftçala
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Roman Vasilyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. Bayıl Arena.
