28 noyabr 2012 18:16
Raab itkilərdən şikayətləndi, Bandoviç gəncləri oynadacağına söz verdi
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində “Bakı” doğma meydanda “Sumqayıt”ı qəbul etdi. Azerisport.az xəbər verir ki, rəqibini 3:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi növbəti mərhələyə yüksəldi. Komandaların baş məşqçiləri oyundan sonra bunları dilə gətiriblər:
Bernard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Rəqib baş məşqçini qələbə münasibəti ilə təbrik edirəm. Oyundan əvvəl heyətdə bəzi problemlərimiz var idi. Qapımızda gördüyümüz iki qolda müdafiəçilərim pis oynadı. Lakin ikinci hissədə “Sumqayıt” yaxşı oyun nümayiş etdirdi. Heyəti nəzərə alsaq, qeydə alınan nəticəni ədalətli saya bilərik”.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Ümumiyyətlə komandamdan razı qaldım. Kubok oyununa görə bəzi gənclərə də bu oyunda yer vermişdim. Əsas heyət oyunçularından bir neçəsinə istirahət verdim. 3:0 hesablı nəticədən sonra bir sıra yerdəyişmələr etdim. Ümumi götürəndə oyundan razıyam. Əvəzedicidən 3-4 oyunçuya şans verdim. Bundan sonra gənclər üçün də fürsət yaradacam".
