28 noyabr 2012 16:47
Əfqan Talıbov: Hakim dörd dəqiqə əlavə etməməliydi
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Tovuzluların çalışdırıcısı komandasının evdə penaltilərlə uduzduğu görüşdən sonra azerisport.az saytına müsahibəsində öncə bunları dilə gətirib:
“Rəqib bizimlə oyuna güclü heyətlə çıxmışdı. Hiss olunurdu ki, bizimlə oyuna ciddi hazırlaşıblar və mərhələ adlamaq istəyirlər. Buna baxmayaraq, biz yaxşı oyun keçirməyi bacardıq. Bütövlükdə, komandamın oyunundan razı qaldım. Sadəcə, adlı-sanlı rəqibə qarşı sərgilədiyimiz belə oyunla mərhələ adlaya bilməməyimiz təəssüf doğurur”.
Talıbov qarşılaşmanın əsas vaxtına 4 dəqiqə əlavə olunmasına etirazını bildirib: “Mən başa düşə bilmirəm ki, hakim nəyə görə 4 dəqiqə əlavə etdi. Maksimum üç dəqiqə əlavə vaxt olacağını gözləyirdim. Bundan əvvəlki “Qarabağ”la oyunumuzda hamı futbolçularımızın vaxt öldürdüyünü iddia edirdilər. Həmin oyunda da dörd dəqiqə əlavə olunmuşdu. Amma bu görüşdə biz vaxt öldürmürdük”.
Baş məşqçi Andrey Popoviçin penaltiyə səbəb olub meydandan qovulmasına da münasibətini açıqlayıb: “Məhz əlavə vaxtın dördüncü dəqiqəsində Popoviçlə “Xəzər Lənkəran”ın oyunçusu arasındakı mübarizə zamanı hakim qapıçımızın qayda pozuntusuna yol verdiyini bildirdi. Düzdü, orda qayda pozuntusu var idi. Amma bu, qırmızı vərəqəlik deyildi”.
Qeyd edək ki, Popoviçin meydandan qovulmasından sonra bütün dəyişikliklərini həyata keçirən “Turan”ın qapısını müdafiəçi Ruslan Zubkov qoruyub: “Buna baxmayaraq, biz oyunu penaltilər seriyasına qədər daşıya bildik. Təəssüf ki, penaltilər zamanı Zubkov rəqibin zərbələrindən heç birini dəf edə bilmədi. Biz isə zərbələrdən birini dəqiq yerinə yetirə bilmədik və məğlub olduq. Baxmayaraq ki, oyundan öncə penaltilər seriyasına da xüsusi hazırlaşmışdıq. Bu məğlubiyyət bizim üçün ikiqat üzücüdü”.
