1 dekabr 2012 20:42
“Göstərdikləri dəstəyə görə klubun bütün kollektivinə minnətdarlığımı bildirirəm”
Əvəzedicilər arasında ölkə çempionatının 15-ci turunda “İnter” “Rəvan”ı 2:0 hesabı ilə yendi. Azerisport.az xəbər verir ki, “İnter”in baş məşqçisi Tofiq Mustafayev AFFA-nın keçirdiyi kurslara qatıldığından komandanı meydana Rüstəm Əliyev çıxarıb. Məşqçi oyundan sonra klubun rəsmi saytına müsahibə verib.
- İlk dəfədi komanda sizin rəhbərliyiniz altında meydançaya çıxırdı. Öncə qələbə münasibətilə sizi təbrik edirik. Oyun barədə fikirlərinizi bilmək istərdik.
- Təbrikə görə minnatdarlığımı bildirirəm. Öncə qeyd etmək istərdim ki, oyun mənim üçün çox həyəcanlı keçdi. Çünki ilk dəfə idi ki, komanda mənim rəhbərliyim altında meydançaya çıxırdı. Həm də gənc məşqçi kimi həyəcan keçirirdim. Komandanın bütün üzvlərinə təşəkkür edirəm, verilən tapşırıqları yerinə yetirdilər. Oyuna gəldikdə ona deyə bilərəm ki, birinci hissədə “Rəvan” komandasıyla oyun çox çətin alınmışdı. Ona görə də, bu qarşılaşmanın da çətin olacağını düşünürdük. Sevindirici haldı ki, yaxşı oynayıb qalib gəldik.
- İkinci hissədə komanda müəyyən dərəcədə arxaya çəkilib, rəqibi əks-hücumlarda yaxalamaq taktikasını seçmişdi. Fasilədə futbolçulara belə davranmaları barədə tapşırıq verilmişdi?
- Bununla bağlı xüsusi tapşırıq verilməmişdi. Oyunda belə vəziyyətlər olur. Hesabda irəlidə olduğumuza görə komanda bir qədər arxaya çəkilmişdi. Amma tapşırıq vermişdim ki, müdafiədə oturmasınlar. Qeyd etmək istərdim ki, komandada tələskənlik vardı, doğrudu, ilk hissədə yaxşı oynadılar. Lakin fasilədən sonra tələskənliyə yol verdiklərini müşahidə etmək olardı.
- Oyunda hansı futbolçu qoyulmuş tapşırıqları daha yaxşı yerinə yetirdi?
- Ümumilikdə komanda yaxşı oynadı. Kimisə fərqləndirmək istəmirəm, ancaq onu demək vacibdi ki, bütün mövqe futbolçularının qələbə qazanılmasında payı oldu. Bir sözlə, bu gün kollektiv oyun sərgilədik. Bundan başqa, qələbə qazanmağımızda klub rəhbərliyinin də rolunu qeyd etmək istərdim. Xüsusilə də prezident Georgi Nikolovun matç ərzində bizimlə birlikdə olması komandanın hər bir üzvünə müsbət təsir göstərdi. Əsas komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin də dəstəyini vurğulamaq istərdim. Bu gün də o, əsas komandadan futbolçu dəstəyi göstərmişdi. Bir sözlə, göstərdikləri dəstəyə görə klubun bütün kollektivinə minnətdarlığımı bildirirəm.
