1 dekabr 2012 11:12
AFFA Mahmud Qurbanovla Rəşad Abdullayevin cəzasını yüngülləşdirdi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Qəbələ” və “Kəpəz” klublarının müraciətlərinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin “Qəbələ”nin futbolçusu Rəşad Abdullayev barədə çıxardığı qərar qismən dəyişdirilsin. Futbolçu Rəşad Abdullayev intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Rəşad Abdullayev analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
2. AFFA-nın İntizam Komitəsinin “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov barədə çıxardığı qərar qismən dəyişdirilsin. Məşqçi Mahmud Qurbanov intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Mahmud Qurbanov analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
