2 dekabr 2012 00:15
Derbilər turu
Bu gün Topaz Premyer Liqasında 15-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu dəfə bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
Turun ilk üç oyunu eyni vaxtda start götürəcək. Onların hamısı paytaxtdan kənarda – Tovuzda, Qəbələdə və Sumqayıtda keçiriləcək.
“Turan” qərb derbisində “Kəpəz”lə üz-üzə gələcək. Tovuz təmsilçisi bu mövsüm daha inamlı çıxışı ilə seçilir, nəinki Gəncə klubu. Bunu komandaların turnir cədvəlindəki yeri də təsdiqləyir. Qarşılaşmanın Tovuzda keçirilməsi təbii ki, Əfqan Talıbovun yetirmələri üçün əlavə üstünlük sayıla bilər. Lakin qonaqlar da turnir cədvəlinin son pilləsindən çıxmaq üçün nəhayət nisbətən zəif rəqiblərindən biri ilə görüşdə xal və ya xallar qazanmağa borcludu. Bu, həm də ilk dövrədə Gəncədəki məğlubiyyətin (1:2) əvəzini çıxmaq baxımından önəmlidi. Amma 31-ci qərb derbisinə “Turan” üstün durumda çıxacaq. Düzdü, bu komandaların indiyəqədərki oyunlarının top sayında “Kəpəz”öndədi. Lakin Tovuzdakı son 9 oyunda meydan sahibləri qələbə qazanıb. “Kəpəz” son səfər xalını 13 il əvvəl qazanıb.
Turnir cədvəlinin alt pillələrində qərarlaşan digər komanda - “Sumqayıt” bu tur “Simurq”la üz-üzə gələcək. Hansı ki, sözügedən komanda cari mövsümdə fırtına kimi əsir. Georgi Çixradzenin yetirmələri zirvədəki yerini qorumaq üçün autsayderi məğlub etməyə borcludu. Lakin Bernard Raabın komandası həm son uğursuzluqları, həm də ilk dövrədə səfərdə qeydə alınan 0:1 hesablı məğlubiyyəti unutdurmaq üçün bu oyunda sürpriz etməyə çalışacaq. Maraq üçün qeyd edək ki, çempionatın lideri “Sumqayıt”la 6-cı duelə böyük üstünlüklə çıxır. Belə ki,“Simurq” əvvəlki oyunların hamısında bu rəqibini məğlub edib. Özü də bütün görüşlərdə 1 top fərqli qələbə qeydə alınıb.
Ən maraqlı görüşlərdən biri Qəbələdə baş tutacaq. Burda “Qəbələ” cari mövsüm çox uğursuz çıxışı ilə diqqət çəkən “Bakı”nı sınağa çəkəcək. Son dövrlər qələbələrini sıralayan Ramiz Məmmədovun yetirmələri ardıcıl beşinci zəfərini qazanmaq iddiasındadı. Oyunun evdə keçirilməsi də bölgə təmsilçisinin şanslarını artıran məqamlardandı. Düzdü, “Bakı” 18-ci dəfə qarşılaşacağı “Qəbələ” ilə oyunlarda böyük üstünlüyə malikdi. Lakin son oyunlar bakılıların xeyrinə deyil. “Qəbələ” son 2 ev oyununda qol buraxmayıb, ümumilikdə isə son 2 oyunda uduzmayıb. Ona görə də işləri qaydasında getməyən Bojidar Bandoviçin komandasının bu qarşılaşmadan xal və ya xallarla ayrılması çox çətin görünür. “Zolaqlılar” ilk dövrədə Bakıda baş tutan görüşdə də qələbə qazana bilməmişdilər – 1:1. Bu dəfə necə olacağı böyük maraqla gözlənilir.
Çempionatın digər lideri “İnter”i “Rəvan”la paytaxt derbisi gözləyir. Dördüncü paytaxt derbisinə qədər bütün oyunlarda “İnter” qalib gəlib. “Rəvan” son 2 qarşılaşmada qol da vura bilməyib. Elə komandaların turnir cədvəlindəki yerləri, güc fərqi də Kaxaber Tsxadadzenin komandasının növbəti qələbəsini qazanmağa yaxın olmasından xəbər verir. Amma iddialılara başağrı olmağı bacaran Kemal Alispahiçin komandasından sürpriz gözləməyə dəyər. Baxmayaraq ki, ilk dövrədə baş tutan görüşdə “aslanlar” “bankirlər”ə 0:2 hesabıyla uduzmuşdular.
Qeyri-sabit çıxışı ilə seçilən iki komanda - “Xəzər Lənkəran”la AZAL Lənkəranda üz-üzə gələcəklər. “Ağ-yaşıllar” 18-ci dəfə qarşılaşdığı AZAL-la oyunlarda böyük üstünlüyə malikdi. Cənublular son 4 oyunda quru qələbələri sıralayıb. Amma bu mövsüm bir qədər inamsız çıxış edən Karles Bakesin komandası “təyyarəçilər”lə görüşdə problemlə üzləşə bilərlər. Məsələ burasındadı ki, Vaqif Sadıqovun komandası cari mövsümə fırtına kimi başlasa da, son turlarda ardıcıl xal itkiləri ilə üzləşməkdədi. Paytaxt təmsilçisi həm bu uğursuzluqları, həm də ilk dövrədəki 0:2 hesablı məğlubiyyəti unutdurmaq üçün çətin səfərdən xal və ya xallarla dönməyi hədəfləyib. Komandaların turnir cədvəlində qonşu olmaları da qarşılaşmanın prinsipiallığından xəbər verir.
Nəhayət, turun qapanış və mərkəzi matçında son ölkə çempionu “Neftçi” Azərbaycan derbisində “Qarabağ”la münasibətlərinə aydınlıq gətirəcək. Bəribaşdan qeyd edək ki, Azərbaycan çempionatları tarixində ilk dəfə eyni cüt 50-ci dəfə üz-üzə gələcək.Əvvəki 49 oyunda üstünlüyə malik tərəf “Neftçi”di. Bakılılar 50-ci oyunda 50-ci qolu da vura bilər. Son 3 səfər matçında uduzan “Qarabağ” “Neftçi”nin meydanındakı ardıcıl 6 matçda qələbə qazanmır. Bütün bunları nəzərə alsaq, son dövrlər xeyli xal itirən Qurban Qurbanovun komandasının qələbə qazanmaq istəyinin daha çox olacağını proqnozlaşdırmaq olar. Avropa Liqasında çıxış edən rəqibin yorğun olması da ağdamlıların lehinə olan amildi. Amma “Neftçi” də bu görüşə ilk dövrədəki 0:1 hesablı yenilginin qisasını almaq üçün çıxacaq. Bu, həm də bir neçə gün sonra baş tutacaq İtaliya “İnter”i ilə qarşılaşmaya yaxşı əhval-ruhiyyədə yollanmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Topaz Premyer Liqası
15-ci tur
2 dekabr (bazar)
14:00. Turan – Kəpəz
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Tovuz. Şəhər stadionu.
14:00. Qəbələ – Bakı
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.
Qəbələ. Şəhər stadionu.
14:00. Sumqayıt – Simurq
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Akif Məmmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
16:00. İnter – Rəvan
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “Şəfa” stadionu.
16:00. Xəzər Lənkəran – AZAL
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Lənkəran. Şəhər stadionu.
18:00. Neftçi – Qarabağ
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Ramiz Əsədov, Rauf Cababrov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. 8-ci kilometr stadionu.
| 1 | İnter | 13 | 6 | 5 | 2 | 13 | 6 | +7 | 23 |
| 1 | Simurq | 14 | 6 | 5 | 3 | 16 | 9 | +7 | 23 |
| 3 | Qəbələ | 14 | 6 | 4 | 4 | 18 | 15 | +3 | 22 |
| 4 | Qarabağ | 14 | 5 | 6 | 3 | 18 | 15 | +3 | 21 |
| 5 | Neftçi | 11 | 7 | 0 | 4 | 26 | 14 | +12 | 21 |
| 6 | XL | 13 | 5 | 4 | 4 | 18 | 11 | +7 | 19 |
| 7 | AZAL | 13 | 4 | 5 | 4 | 17 | 14 | +3 | 17 |
| 8 | Rəvan | 14 | 4 | 4 | 6 | 14 | 21 | –7 | 16 |
| 8 | Turan | 14 | 4 | 4 | 6 | 14 | 19 | –5 | 16 |
| 10 | Sumqayıt | 14 | 3 | 5 | 6 | 12 | 27 | –15 | 14 |
| 11 | Bakı | 12 | 2 | 7 | 3 | 11 | 10 | +1 | 13 |
| 12 | Kəpəz | 14 | 2 | 3 | 9 | 8 | 24 | –16 | 9 |
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ), Zohair Benuahi (AZAL).
