4 dekabr 2012 14:07
Qəbələ və Bakının futbolçuları bir-birini təhqir etdiyi üçün 3 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Simurq” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində “Simurq”un futbolçusu Elçin Süleymanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Xəzər Lənkəran” – AZAL oyununun 20-ci dəqiqəsində AZAL-ın futbolçusu Aydın İslamov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Turan” – “Kəpəz” oyununun 28-ci dəqiqəsində “Turan”ın futbolçusu Sənan Qocayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Qəbələ” – “Bakı” oyununun 81-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Əziz Hüseynovla “Bakı”nın futbolçusu Haqverdi Yusifov bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyunluq cəzalanıb, klubları 1000 manat cərimə olunub.
