5 dekabr 2012 20:26
Bakı daha bir mötəbər quruma üzv seçildi
“Bakı“ futbol klubu daha bir mötəbər beynəlxalq qurumun üzvlüyünə qəbul olunub. Azerisport.az xəbər verir ki, paytaxt klubunun fəaliyyətini diqqətlə izləyən və analiz edən Azərbaycanda Amerika Ticarət Palatası (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) “Bakı”nı öz sıralarda görməkdən məmnun olduqlarını açıqlayıb. Bu barədə AmCham icraçı direktoru Nərgiz Nəsrullayeva məlumat verib.
Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) ölkəmizdə biznes maraqlarını dəstəkləyən və təşviq edən nüfuzlu iş birliyi kimi tanınır. Əsası 1996-cı ildə qoyulmuş Amcham Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edən 251 aparıcı şirkəti özündə birləşdirir. Təşkilatın məqsədi Azərbaycanı dünyada tanıtmaq, ölkəmizdə fəaliyyət göstərən biznes qurumlarının müxtəlif yönlü sosial-iqtisadi layihələrə dəvət etməkdir.
Coca Cola, JW Mariott Absheron, Ernst & Young, Chevron, P&G, Bakcell, ZQAN, British American Tobaco, ConocoPhilips v s. böyük şirkətlər AmCham üzvləri sırasında yer alırlar.
6 dekabr 2012 tarixində Hyatt mehmanxanasının Quba zalında AmCham-ın illik toplantısı (Luncheon) keçiriləcək. Görüşdə quruma qoşulan yeni üzvlərin təqdimatı yer alacaq. Eyni zamanda günün aktual məsələləri, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi barədə diskussiyalar aparılacaq.
Tədbirin fəxri qonağı Azərbaycan Respublikas Milli Məclisinin deputatı,Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri ,AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadədir.
Tədbirə rəsmi dəvət alanlar arasında “Bakı“ futbol klubu da vardır.
Qeyd edək ki, “Bakı“ futbolu AmCham sıralarına qəbul olunan ilk idman təşkilatıdır. Əminik ki, bu qurumla işbirliyi klubumuzun inkişaf strategiyasına uyğun şəkildə dəyərləndiriləcək və iki tərəf üçün faydalı olacaq.
