6 dekabr 2012 00:17
Neftçi, Avropaya başıuca vida et!
Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin altıncı turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə son oyununa çıxacaq.
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə üz-üzə gələn “Neftçi” Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atmış, Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla mərhələ adlamışdı. Lakin “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilmədi. Səfərdə 4 cavabsız qola üzülən Azərbaycan çempionu doğma meydanda sadəcə 2:2 hesablı heç-heçəyə nail ola bildi və ÇL-lə vidalaşdı.
Amma reqlamentə əsasən, Azərbaycan təmsilçisi Avroliqada mübarizəni davam etdirmək şansına malik idi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi. Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza atmağı bacardı – 1:1, 3:1. Beləcə, Böyükağa Hacıyevin komandası qitə miqyaslı turnirlərin qrup mərhələsinə vəsiqə qazanan ilk komanda ünvanına sahib çıxdı. “Neftçi” qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya “Partizan”ı ilə görüşdü. Komandamız səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacardı – 1:1. Lakin təmsilçimiz bu uğurun davamını sonrakı görüşlərdə gətirə bilmədi. Qrup mərhələsi çərçivəsindəki Bakıdakı ilk matçını məhz Milan “İnter”inə qarşı keçirən təmsilçimiz həmin görüşdə 1:3 hesabıyla uduzdu. Ardından Rusiya “Rubin”i ilə həm ev, həm də səfər oyunlarında minimal hesablı məğlubiyyət qeydə alındı. Təəssüf ki, Bakıda “Partizan” üzərində qələbə arzularımız da gerçəkləşmədi – 1:1. İndi “Neftçi” qrup mərhələsindəki həlledici matçını dünyanın ən nəhəng klublarından biri olan “İnter”ə qarşı keçirməlidi.
Tam adı “Football Club Internazionale Milano” olan bu komanda 9 mart 1908-ci ildə yaradılıb. 104 yaşlı klub ev oyunlarını Milandakı məşhur “Cüzeppe Meatsa” (və ya “San Siro”) stadionunda keçirir. Arenanın azarkeş tutumu 80018 nəfərdi. Komandaya hazırda Andrea Stramaççioni başçılıq edir. 36 yaşlı italyan mütəxəssisin futbolçu karyerası uzun sürməyib. 1994-1995 mövsümündə “Bologna”da çıxış edən Stramaççioni ciddi zədə səbəbindən karyerasını erkın başa vurmalı olub. Daha sonra məşqçiliyə başlayan Andreanın ilk peşəkar işi “İnter”di. “İnter”in heyətində italyan futbolçularla yanaşı, Sloveniya, Argentina, Serbiya, Braziliya, Hollandiya, Kolumbiya, Belçika, Keniya, Nigeriya, Uruqvay, Rumıniya, Seneqal, Qana, Yaponiya və Xorvatiyadan legionerlər çıxış edir. Uesli Sneyder, Dieqo Milito, Valter Samuel, Antonio Kassano, Xavyer Zanetti kimi dünya şöhrətli ulduzlar “Neftçi”nin rəqibinin formasını geyinir. “İnter” İtaliyanın ən titullu komandalarındandı. 104 yaşlı klub 18 dəfə ölkə çempionatının qızıl, 13 dəfə gümüş medallarını qazanıb, 7 dəfə İtaliya Kubokuna, 5 dəfə ölkə Super Kubokuna sahib çıxıb. Çempionlar Liqasında 5 dəfə final oynayan komanda 3 halda kuboku başı üzərinə qaldırıb. “İnter” sonuncu dəfə 2010-cu ildə – 45 ildən sonra, Joze Mourinyonun başçılığı altında Çempionlar Liqasının qalibi adını qazanıb. Milan təmsilçisi 3 dəfə UEFA Kubokunun qalibi olub. Bundan başqa, komanda 2010-cu ildə klublararası dünya çempionluğuna sahib çıxıb.
Komandanın Avroliqa üçün iştirak ərizəsi belədi:
Qapıçılar: 1. Samir Handanoviç, 12. Luka Kastellatsi, 27. Vid Beleç, 32. Matteo Çinçilla;
Müdafiəçilər: 4. Xavyer Zanetti, 23. Andrea Ranokkiya, 25. Valter Samuel, 31. Alvaro Pereyra, 40. Juan, 42. Conatan, 44. Matteo Byanketti, 48. Andrea Bandini, 55. Yuto Naqatomo;
Yarımmüdafiəçilər: 6. Matias Silvestre, 10. Uesli Sneyder, 14. Fredi Quarin, 16. Qabi Mudinqayi, 19. Esteban Kambiasso, 20. Joel Obi, 21. Valter Qarqano, 24. Marko Benassi, 28. Simone Pasa, 46. Yaqo Del Pyero, 52. Andrea Romano, 61. Luka Qarritano;
Hücumçular: 7. Koutinyo, 8. Rodriqo Palasio, 22. Dieqo Milito, 49. Covanni Terrani, 88. Marko Livaya, 99. Antonio Kassano.
Göründüyü kimi, “Neftçi”nin rəqibi heç də sıradan bir komanda deyil. Hər halda dünyanın ən öndə gedən klublarından biri ilə görüş komandamız üçün çox çətin keçəcək. “Ağ-qaralar” adlı-sanlı rəqibi ilə səfərdə qarşılaşdığından, ikiqat çətinliklə üzləşəcək. Çünki görüş 80 minlik məşhur bir arenada keçirilir ki, yerli azarkeşlərin təzyiqi sözünü deməyə bilməz. Bu üzdən də Böyükağa Hacıyevin yetirmələri belə bir rəqiblə görüşdə uğur qazanmaq üçün ilk növbədə Milan təmsilçisinin ad-sanından qorxub-çəkinməməlidi. İkincisi, komandamızın üzvləri belə bir rəqiblə görüşdə təkcə “Neftçi”yə uğur qazandırmaqla kifayətlənməyib həm də özlərini göstərməyə çalışacaqlar. Axı bu görüşü Avropanın aparıcı klublarının skautları ilə yanaşı, həm də bütün dünya izləyəcək. Çünki qarşılaşmanın bir sıra ölkələrdə canlı yayımlanması nəzərdə tutulub. Deməli, “Neftçi”nin yerli və əcnəbi futbolçuları bu görüşə həm də özlərini reklam etmək gözüylə baxaraq, ikiqat əzmlə çalışmalıdılar.
Geridə qalan oyunlarında cəmi iki xal qazanmış “Neftçi” üçün “İnter”lə matçda qazanılacaq xal və ya xallar komandamızın turnir hədəfləri baxımından da önəmlidi. Komandamız hazırda sonuncu pillədə qərarlaşıb. “Partizan”ı qabaqlamaq üçün isə Milanda ən azı heç-heçəyə nail olmaq şərtdi. “İnter” Azərbaycan çempionunu qrupun autsayderi hesab etdiyindən, komandamızı o qədər də qiymətləndirməyəcək. Bu isə Hacıyevin yetirmələrinin işini asanlaşdıran məqamlardandı. Amma nəzərə alsaq ki, milanlılar qrupumuzun əsas favoritidi, “ağ-qaralar”ın bir xal qazanması da qənaətbəxş sayıla bilər.
Komandamızın Avroliqa üçün iştirak ərizəsi:
Qapıçılar: 12. Emil Balayev, 24. Rəşad Əzizov, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhuseyn Seyidov, 25. Cavid İmamverdiyev, 21. Kamil Nurəhmədov;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nəsimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
Bu gün "Neftçi"nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda Serbiya "Partizan"ı da Rusiya təmsilçisi "Rubin"lə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
H qrupu
6 dekabr
00:05. NEFTÇİ - İNTER (Milan)
Baş hakim: Emir Aleçkoviç.
Baş hakimin köməkçiləri: Dalibor Draskovic, Hrvoje Turudiç
Dördüncü hakim: Senad Ibrisimbegoviç
Baş hakimin əlavə köməkçiləri: Elmir Pilav, Ognjen Valjiç (hamısı Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Jozef Kliment (Slovakiya).
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).
