6 dekabr 2012 02:03
Kəpəz məşqləri xoş xəbərlə bərpa etdi
Noyabrın 3-də evə buraxılan “Kəpəz”in üzvləri ötən gün yenidən bir araya gəliblər. Azerisport.az xəbər verir ki, futbolçu və məşqçi heyəti klubun yerləşdiyi bazaya yığışıb.
Komandanın ilk məşqi saat 15:45-da baş tutub. Hazırlıq prosesi uzun sürməyərək, bir saat çəkib. Məşqçilər korpusu istirahətdən qayıdan oyunçuları çox da yükləməyib. Məşq əsasən bərpaedici xarakter daşıyıb.
Bu arada “Kəpəz”in qolkiperi Xəyal Zeynalov artıq komanda yoldaşlarına qoşularaq, onlarla birgə məşqlərə başlayıb. “Xəzər Lənkəran”a qarşı oyunda sıradan çıxan qapıçı bir müddət müalicə olunub. Zeynalov ötən həftədən fərdi şəkildə məşqlərə start versə də, yalnız indi ümumi halda hazırlıq prosesinə cəlb olunub.
