6 dekabr 2012 02:14
Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları bəlli oldu
Ötən gecə futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vuruldu. Azerisport.az xəbər verir ki, son turun oyunlarından sonra 1/8 final mərhələsinə yüksələn bütün iştirakçılar müəyyənləşdi.
Qeyd edək ki, bundan bir gün öncə PSG (Fransa), "Porto" (Portuqaliya), "Schalke" (Almaniya), "Arsenal" (İngiltərə), "Malaga" (İspaniya), "Milan" (İtaliya), "Borussia" (Dortmund, Almaniya) və "Real" (İspaniya) komandaları 1/8 finala vəsiqə qazanmışdılar.
Ötən gecə isə daha 8 komanda - "Juventus" (İtlaiya), "Şaxtyor" (Ukrayna), "Bayern" (Almaniya), "Valencia" (İspaniya), "Barcelona" (İspaniya), "Celtic" (Şotlandiya), "Manchester United" (İngiltərə) və "Galatasaray" klubları da adını 1/8 finala yazdırdılar.
Qrup mərhələsini üçüncü pillədə başa vuran “Dinamo” (Kiyev, Ukrayna), “Olympiakos” (Yunanıstan), “Zenit” (Rusiya), “Ajax” (Hollandiya), “Chelsea” (İngiltərə), BATE (Belarus), “Benfica” (Portuqaliya) və CFR Cluj (Rumıniya) isə bundan sonra mübarizəsini Avropa Liqasında davam etdirməli olacaq. Qrup sonuncuları avrokubok mücadiləsini başa vurmalı olublar.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi cümə günü keçiriləcək. Reqlamentə əsasən qrup qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaq. Qrupu lider kimi başa vurmuş komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.
