6 dekabr 2012 02:22
Xəzər Lənkəran: 19 gündə 2-ci dəfə!
“Xəzər Lənkəran” birinci dövrədən təxirə salınmış oyununu bu gün keçirəcək. Azerisport.az xəbər verir ki, cənublular doğma meydanda “Bakı”nı qəbul edəcəklər.
6-cı turun bu matçı komandaların son 19 gündə 2-ci qarşılaşması olacaq. Noyabrın 18-də Bakıda rəqibinə 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” bu rəqiblə oyunlardakı ənənəni qırmağa çalışacaq. Belə ki, son 3 oyunda üstünlük paytaxt futbolçularının tərəfinə keçib və onlar ardıcıl qələbələr qazanıblar.
Artıq 31-ci dəfə qarşılaşacaq rəqiblər indiyədək 30 dəfə üz-üzə gəliblər. Cəmi 8 ildir davam edən rəqabətdə “Bakı”nın ümumilikdə 11, “Xəzər Lənkəran”ın 8 qələbəsi var. Daha 11 qarşılaşma bərabərliklə bitib. Ümumi top fərqində isə 30 qol vuran “ağ-yaşıllar” 28 dəfə qapısında qol görüb.
Bu matçlardan 23-ü çempionat, 7-si kubok çərçivəsində olub. Çempionatda bakılılar 7, “ağ-yaşıllar” 6 dəfə qalib gəlibsə, 10 matçda heç-heçə qeydə alınıb. Buna baxmayaraq top fərqində XL öndədi – 23:20. “Xəzər Lənkəran” daha 7 dəfə kubokda “Bakı” ilə üz-üzə gəlib. Burada paytaxt təmsilçisi 4, cənublu futbolçular 2 qələbəyə sevinib və 1 dəfə “sülh”lə ayrılıblar. Kubok oyunlarındakı top fərqində bakılılar öndədir – 8:7.
