6 dekabr 2012 11:27
Çixradze Simurqda yubiley matçına çıxır
“Simurq” Topaz Premyer Liqasının 16-cı turunda “Xəzər Lənəkaran”ı qonaq edəcək. Azerisport.az xəbər verir ki, Zaqatala şəhər stadionunda keçiriləcək matç dekabrın 10-da, saat 16:00 start götürəcək.
Bu oyunda baş məşqçi Georgi Çixradze “Simurq” ilə Premyer Liqadakı 25-ci qarşılaşmasına çıxacaq. Ötən mövsümün 24-cü turundan bu komandaya rəhbərlik edən gürcü mütəxəssisin başçılığı altında Zaqatala təmsilçisi 24 oyunda 10 qələbə, 10 heç-heçə əldə edib, yerdə qalan qarşılaşmalarda isə məğlub olub. Sarı-qaralar Çixradze ilə çıxdığı Premyer Liqa matçlarında 25 dəfə qol sevinci yaşadığı halda, rəqiblərin 15 qoluna əngəl ola bilməyib. On bir qarşılaşmada isə onun yetirmələri qapısını qola qapayıbdır.
Çixradzenin komandasını çıxardığı oyunlarda ən çox qeydə alınan hesab 2:1-dir. 6 belə qarşılaşmada “Simurq” 3 dəfə meydandan qalib ayrılıb. Zaqatala təmsilçisi gürcü mütəxəssizlə Premyer Liqada ən çox “Turan” və “Sumqayıtla” üz-üzə gəlib. Tovuzlularla görüşlərdə 3 heç-heçə, 1 qələbə əldə edilibsə də, sumqayıtlılarla oyunların hamısında sarı-qaralar qalib gələn tərəf olub. Georgi Çixradze ilə 24 qarşılaşmada “Simurq” 37 xal yığıb. Komandanın onunla qazandığı ən böyük hesablı qələbə cari mövsümə təsadüf edib. III turda “Simurq” doğma arenada “Turan”ı 3:0 hesabı ilə məğlub edib.
