6 dekabr 2012 15:40
“İnanıram ki, Neftçinin uğuru yenə təkrarlanacaq”
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, “ağ-qaralar”ın müdafiəçisi İqor Mitreskinin açıqlaması ilə bağlı bunları söyləyib:
“Bu, Mitreskinin şəxsi fikridi. Mənə elə gəlir ki, Azərbaycanın hər bir klubu avrokuboklarda mümkün qədər yaxşı çıxış etməyə çalışır. Bu templə klublarımız hər mövsüm bir qədər də artırmış olacaqlar. İnanıram ki, “Neftçi”nin uğuru təkrarlanacaq. Aydın məsələdi ki, qrup mərhələsində çıxış etmək asan deyil. Amma sizi inandırıram ki, klublarımız bu uğuru təkrarlamaq üçün hər şeyi edəcəklər. “Neftçi”yə “İnter”lə görüşdə uğurlar arzulayıram. Onlara azarkeşlik edəcəm”.
Qeyd edək ki, Mitreski yaxın 5-10 il ərzində hansısa Azərbaycan klubunun “Neftçi”nin uğurunu təkrarlamayacağını bildirib.
