7 dekabr 2012 17:26
Xəzər Lənkəran məğlub olmadığı məkanda
Bu həftə start götürən Topaz Premyer Liqasının 16-cı turu bazar ertəsi başa çatacaq. Azerisport.az xəbər verir ki, turun dekabrın 10-da baş tutacaq son oyun günündə “Xəzər Lənkəran” da meydana çıxacaq.
Bu komanda səfərdə “Simurq”un qonağı olacaq. Zaqatalada baş tutacaq qarşılaşma komandalar arasında 14-cü duel olacaq.
İndiyədək komandalar arasında 13 matç baş tutub. Bu matçların hamısı ölkə çempionatları çərçivəsində olub. 2006-cı ildə Zaqatalada baş tutan ilk oyunla başlayan rəqabət “Xəzər Lənkəran”ın aşkar üstünlüyü ilə keçir.
Belə ki, 13 matçdan 8-də məhz bu komanda qalib gəlib. Cəmi 4 heç-heçə ilə təsəlli tapan “Simurq” yeganə qələbəsini cari mövsümdə qazanıb. Bu matçlardakı top fərqi də “Xəzər Lənkəran”ın böyük üstünlüyünü göstərir - 21:11.
Yeganə məğlubiyyətini Bakıda baş tutan ev matçında alan XL səfərdə yenilməzdir. 7-ci Zaqatala səfərinə qədər baş tutan 6 qarşılaşmada 3 heç-heçə qeydə alınıbsa, 3 dəfə də “Xəzər Lənkəran” qalib gəlib. Səfərdəki bütün qarşılaşmalarda qol vuran komanda yalnız ilk 2 Zaqatala matçında 1 qolla kifayətlənib. Rəqib meydanındakı son 4 matçda 2 dəfə fərqlənən cənublu futbolçular “Simurq”un meydanında 10 qol vuraraq 6 top buraxıb.
