12 dekabr 2012 00:10
Nikolas Kanales: Daha güclü çempionata keçəcəyimə ümidliyəm
“Neftçi”nin hücumçusu Nikolas Kanales həmişə olduğu kimi, yenə də Çili mətbuatının diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, son dövrlər qollarını sıralayan 27 yaşlı forvard ölkəsində də böyük maraqla izlənilir.
Kanales ölkəsindən olan jurnalistlərə son müsahibəsində bəzi maraqlı fikirlər səsləndirib. O, öncə ölkəsinin yığmasına dəvət almamasına münasibət bildirib: “Mənim üçün Çili yığmasında çıxış etmək çox vacibdi. Ümid edirəm ki, Xorxe Sampaolinin gəlişindən sonra mən yenidən yığmaya qayıdacağam. Buna inamımı itirmirəm”.
Azərbaycan Premyer Liqasının bombaridi yaxın gələcəkdə daha güclü çempionatda oynamaq istəyini gizlətməyib: “Azərbaycanda yaxşı nəticəyə imza atmaq istəyirəm. Öz hücumçu keyfiyyətlərimi daha da yaxşılaşdırmaq əsas hədəflərimdəndi. Əgər hər şey yaxşı olsa, ümid edirəm ki, daha güclü və rəqabətədavamlı liqaya keçə bilərəm”.
Çilili qoleador Azərbaycandakı karyerasının ilk günlərində müəyyən problemlərlə üzləşdiyini gizlətməyib: “Azərbaycanda oynamaq haqda qərarı özüm qəbul etmişəm. Öncə müəyyən çətinliklərim olurdu. Amma tədricən mən uyğunlaşdım və öz səviyyəmi bərpa etdim. “Neftçi”də daim qol vura bildiyim üçün çox sevincliyəm”.
Çili mətbuatı Kanaleslə İtaliya və İngiltərə klublarının maraqlandığını da iddia edib: “Azərbaycan çempionatında qış fasiləsinə cəmi bir neçə oyun qalıb. Bütün fikirlərim də həmin oyunlara yönəlib. Mən İtaliya və İngiltərə klublarından olan maraqla bağlı heç bir söz deyə bilmərəm. Çünki bu haqda həqiqətən heç nə bilmirəm”.
