11 dekabr 2012 13:48
AFFA-dan Kemal Alispahiçə sərt cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksandr Çertaqanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Simurq” – “Xəzər Lənkəran” matçında “Simurq”un futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 48-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışov sonuncu ümud fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 67-ci dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Neftçi” – “Rəvan” matçının 76-cı dəqiqəsində “Rəvan”ın baş məşqçisi Kemal Alispahiç texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Matçdan sonra keçirilən mətbuat konfransında “Rəvan” klubunun baş məşqçisi Kemal Alispahiç hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunub.
