14 dekabr 2012 00:15
Topaz Premyer Liqasında Böyük tur
Bu həftə Topaz Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 gün ərzində baş tutacaq 6 matçın bəzəyi isə “Xəzər Lənkəran” və “Neftçi” arasındakı “Böyük oyun” olacaq.
Elə tura da məhz bu möhtəşəm oyunla start veriləcək. Lənkəranda baş tutacaq qarşılaşmada “Xəzər Lənkəran” və “Neftçi”çempionatda yubiley – 25-ci qarşılaşmaya çıxacaq. Paytaxt təmsilçisi ümumi balansda öndə olsa da, son 5 ildə səfərdə qalib gələ bilmir. İlk dövrədə keçirilən oyunda isə son ölkə çempionu 2:1 hesablı qələbəyə sevinmişdi. Bu üzdən də “ağ-yaşıllar” həm sözügedən məğlubiyyəti, həm də son uğursuzluqları unutdurmaq üçün qələbə qazanmağa çalışacaq. Oyunun doğma meydanda keçirilməsi cənubluların şanslarını artıran məqamlardandı. Amma hazırda müəyyən problemləri olan Lənkəran klubu ilə müqayisədə “ağ-qaralar” daha inamlı təsir bağışlayır və bu görüşdə istənilən nəticənin qeydə alınması mümkündü.
İkinci oyun günündə daha bir prinsipial qarşılaşma baş tutacaq. Belə ki, “Bakı” “Qarabağ”la münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar arasındakı 40-cı oyun ərəfəsində qələbə sayına görə cüzi üstünlüyə malik olan “Bakı” top fərqində geridədi. Lakin onlar son 2 matçda məğlub olmayıblar. İlk dövrədə keçirilən oyunda da 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Bu dəfə isə Ağdam klubu liderliyini qorumaq üçün mütləq qələbə qazanmağa borcludu. “Zolaqlılar” da uğursuz gedişata son qoymaq üçün bu çətin görüşdən xal və ya xallarla ayrılmağa çalışacaq.
Çempionatın digər lideri “İnter” bu tur “Kəpəz”lə üz-üzə gələcək. Aşkar autsayderə çevrilən Gəncə klubu doğma meydanda oynadığından bundan yararlanmağa çalışacaq. Lakin Mahmud Qurbanovun komandasının sürprizə imza atmaq şansı çox azdı. Çünki Bakı klubu növbəti dəfə xal itkisi ilə üzləşmək istəmir. “İnter” bütövlükdə 18-ci dəfə qarşılaşdığı “Kəpəz”lə matçlarda böyük üstünlüyə malikdi. Bakılılar son 2 oyunda da qələbə qazanıblar. Elə bu görüşdə fərqli nəsə gözlənilmir.
Cari mövsümün əsas sürprizlərindən biri hesab olunan “Turan” səfərdə AZAL-la qarşılaşacaq. Əfqan Talıbovun gəlişindən sonra yüksəlişdə olduğu hiss olunan Tovuz təmsilçisi bu dəfə də “təyyarəçilər”dən xal almaq iddiasındadı. Maraq üçün xatırladaq ki, ilk dövrədə keçirilən oyunda da məhz “Turan” 1:0 hesablı qələbəyə sevinmişdi. Amma bu dəfə eyni uğuru təkrarlamaq asan olmayacaq. Bakılılar “Turan”la 20-ci matç öncəsi böyük üstünlüyə malikdi. Bu komandaların son 4 duelində meydan sahibləri qalib gəlir. Bakıdakı son 4 matçda da qalib gələn meydan sahibləri olublar.
Turun son oyun günündə iki görüş baş tutacaq. Mövsümün uğursuzlarından olan “Rəvan”la “Sumqayıt” bir-biri ilə üz-üzə gələcək. Ardıcıl 4 qarşılaşmada rəqibini məğlub edən “Rəvan” sumqayıtlılarla görüşlərdə məğlubiyyət acısı dadmayıb. Qalibin müəyyənləşdiyi görüşlərdə 1 top fərqi qeydə alınıb. Elə bu görüşdə də paytaxt təmsilçisi qələbəyə əsas namizədlərdəndi. Son dövrlər məğlubiyyətləri sıralayan “Sumqayıt” ilk dövrədə keçirilən oyunda da “Rəvan” 0:1 uduzmuşdu.
Bu mövsüm inamlı çıxışları ilə diqqət çəkən “Qəbələ” və “Simurq” isə bir-biri ilə üz-üzə gələcək. “Qəbələ” 15 dəfə görüşdüyü “Simurq”la qarşılaşmalarda üstünlüyə malikdir. Lakin bu rəqiblərin son 4 oyununda meydan sahibləri qələbəyə həsrətdi. İlk dövrədə Zaqatalada keçirilən görüşdə də 1:1 hesabı qeydə alınmışdı.
Topaz Premyer Liqası
17-ci tur
14 dekabr (cümə)
16:00. Xəzər Lənkəran – Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Lənkəran. Şəhər stadionu.
15 dekabr (şənbə)
14:00. Kəpəz – İnter
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə. Şəhər stadionu.
14:00. Bakı – Qarabağ
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Kərim Ağayev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
15:00. AZAL – Turan
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. AZAL Arena.
16 dekabr (bazar)
14:00. Qəbələ – Simurq
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ. Şəhər stadionu.
16:00. Rəvan – Sumqayıt
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. Bayıl Arena.
| 1 | İnter | 15 | 7 | 6 | 2 | 15 | 6 | +9 | 27 |
| 2 | Simurq | 16 | 7 | 6 | 3 | 19 | 11 | +8 | 27 |
| 3 | Qarabağ | 16 | 7 | 6 | 3 | 22 | 16 | +6 | 27 |
| 4 | Qəbələ | 16 | 7 | 4 | 5 | 19 | 17 | +2 | 25 |
| 5 | Neftçi | 13 | 8 | 0 | 5 | 28 | 15 | +13 | 24 |
| 6 | XL | 16 | 5 | 6 | 5 | 22 | 16 | +6 | 21 |
| 7 | AZAL | 15 | 5 | 6 | 4 | 19 | 15 | +4 | 21 |
| 8 | Turan | 15 | 5 | 4 | 6 | 19 | 20 | –1 | 19 |
| 9 | Bakı | 14 | 3 | 8 | 3 | 14 | 11 | +3 | 17 |
| 10 | Rəvan | 16 | 4 | 4 | 8 | 14 | 25 | –11 | 16 |
| 11 | Sumqayıt | 16 | 3 | 5 | 8 | 12 | 29 | –17 | 14 |
| 12 | Kəpəz | 16 | 2 | 3 | 11 | 10 | 32 | –22 | 9 |
Bombardirlər:
13 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).
