15 dekabr 2012 00:17
Konfederasiyalar Kubokuna ev sahibliyi edəcək şəhərlərin adları açıqlandı
2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kuboku yarışlarının matçlarına Moskva, Sankt-Peterburq, Kazan və Soçi şəhərləri ev sahibliyi edəcək. Azerisport.az xəbər verir ki, bu barədə qərar FİFA İcraiyyə Komitəsinin cümə günü Tokioda keçirilmiş iclasında qəbul edilib.
Konfederasiyalar Kuboku adlanan turnir futbol üzrə dünya çempionatının təşkilatçısı olan ölkədə həmin çempionatdan bir il əvvəl FİFA-nın himayəsi altında milli yığma komandalar arasında keçirilən yarışdı. Turnirdə müvafiq konfederasiyalar tərəfindən keçirilən altı qitə çempionatının hər birinin qalibləri, fəaliyyətdə olan dünya çempionu və qarşıdakı çempionata ev sahibliyi edəcək ölkənin yığma komandası iştirak edir.
FİFA İcraiyyə Komitəsində həm də 2018-ci il dünya çempionatının final matçının keçiriləcəyi məkan kimi Moskvanın “Lujniki” stadionu təsdiq edilib. Mundialın açılış matçı və yarımfinal oyunlarından biri həmin arenada, ikinci yarımfinal oyunu isə Sankt-Peterburqda keçiriləcək.
Xatırladaq ki, 2018-ci il dünya çempionatının təşkilatçısı olan bütün şəhərlərin adları sentyabrın axırlarında elan edilib. Bunlar Moskva, Sankt-Peterburq, Samara, Saransk, Rostov-Don, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijni Novqorod və Yekaterinburq şəhərləridi.
