17 dekabr 2012 11:55
Qurban Qurbanov başqana çempionluq sözü verdi (FOTO)
“Qarabağ” cari mövsüm qarşısına yüksək hədəflər qoyub. Azerisport.az xəbər verir ki, hazırda ilk 3-lükdə qərarlaşan Ağdam klubu uzun illərdi həsrətində olduğu çempionluğa qovuşmaq istəyir.
Bu məqsədlə bütün “Qarabağ” camiəsi eyni amal uğrunda sıx birləşib. Son dönəmlərdə uğurlu qrafik cızan “Qarabağ”ın rəhbərliyi komandanı ziyarət edib. “Qarabağ”ın vitse-prezidenti Tahir Gözel, “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbər heyətindən Fevzihan Aras komandaya dəstək nümayiş etdirib.
Yemək masası ətrafında səmimi söhbətdə Tahir Gözel futbolçulara cari mövsüm ən yüksək hədəfi arzuladığını bildirib. O, mövsümün sonunda çempionluq kubokunu baş üzərinə qaldırmaq arzusunu da gizlətməyib. Bununla kifayətlənməyən Gözel komandanın baş məşqçisi Qurban Qurbanovu yanına çağırıb. O, Öncə futbolçulardan hədəflərini soruşub. Çempionluq nidasını eşidən başqan Qurban Qurbanova “mən də çempionluq istəyirəm, mənə çempionluq zəfəri lazımdı” deyib. Qurban Qurbanov isə başqana çempionluq sözü verib. Bu məqamda zalı bürüyən alqış sədaları mayda qazanılacaq zəfərin ilkin sədası sayıla bilər...
