17 dekabr 2012 15:38
Elxan Məmmədov: Andrey Popoviçlə bağlı Turana müraciət etmişik
AFFA-nın baş katibi Elxan Məmmədov 2012-ci ilin yekunlarından danışıb. Azerisport.az xəbər verir ki, o, geridə qalan ili uğurlu hesab etdiyini dilə gətirib:
“2012 uğurlu il oldu. Biz 17 yaşadək qızlar arasında dünya çempionatını keçirdik. Hansı ki, bu turnirin təşkilatçılığı başqalarına da nümunə göstərilməkdədi. Həmçinin “Neftçi”nin Avropa Liqasındakı çıxışı da bizi sevindirdi. Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində dörd oyun keçirib. Fikrimcə, millimiz bu tsiklə heç də pis başlamayıb”.
AFFA rəsmisi Hollandiyanın “Ajax” klubu ilə əməkdaşlıq barədə müzakirələrə də toxunub: “Beynəlxalq təcrübəyə müraciət etmək vaxtıdı. Biz artıq “Ajax” ilə əlaqələr yaradırıq. Həmçinin İngiltərənin “Everton” klubu ilə də danışıqlar aparırıq. Mümkündü ki, onlarla da əməkdaşlığa başlayaq”.
Məmmədov MDB çempionatının təşkili ideyasına da münasibət bildirib: “Hələ bizə heç kim heç nə təklif etməyib. Qrafiki nəzərə alsaq, mən bu turnirin keçirilməsini mümkün hesab etmirəm. Çünki komandaların boş vaxtı demək olar ki, yoxdu. “Neftçi”nin son uğurları da göstərir ki, artıq Premyer Liqamız getdikcə güclənir”.
Baş katib Andrey Popoviçlə bağlı qalmaqaldan da danışıb: “Biz onun “Turan” rəhbərliyi ilə qalmaqalından xəbərdarıq. Artıq Tovuz klubundan ona daha bir şans vermələri barədə xahiş də etmişik. Çünki Popoviç yığmanın qapıçısı hesab olunur və biz onu itirmək istəmirik. Lakin Popoviç özü də bütün bunları unutdurmaq üçün əlindən gələni etməlidi. Şimali İrlandiya ilə oyun da göstərdi ki, bizim qapıçı mövqeyində rəqabət var”.
