18 dekabr 2012 16:26
Berti Foqts bombardiri mükafatlandırdı (FOTOLAR)
Bu gün "Coca-Cola U-13 Liqası"nın 2011/2012-ci il mövsümünün bombardiri, hazırda "Neftçi" klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının üzvü olan Pilağa Mehdiyev AFFA tərəfindən mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun iştirak etdiyi tədbir P.Mediyevin təhsil aldığı Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 saylı orta məktəbdə təşkil olunub. B.Foqts əvvəlcə məktəbdəki alman dili kabinetində keçirilən dərsdə olub, buradakı şagirdlərlə alman dilində söhbət edib, onların suallarını cavablandırıb.
Məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu çıxış edib. O, bildirib ki, AFFA tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və müxtəlif liqalarda yüksək nəticə göstərən futbolçular mükafatlandırılır. Sonra Pilağa Mehdiyevlə bağlı AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Videoarxın nümayişindən sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts səhnəyə dəvət olunub. B.Foqts futbolun kütləviliyinin artırılması və təbliğinin gücləndirilməsi baxımından belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini deyib. Millinin baş məşqçisi AFFA-nın hədiyyələrini Pilağa Mehdiyevə təqdim edib və futbolçu kimi ona daha böyük uğurlar arzulayıb.
Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin direktoru Vaqif Hüseynli çıxış edərək tədbirin təşkili ilə əlaqədar AFFA-ya minnətdarlığını bildirib.
Sonda Berti Foqts və Pilağa Mehdiyev jurnalistlərə açıqlama verib və onların suallarını cavablandırıb.
