20 dekabr 2012 00:14
Derbilər və ya ilin son turu
Bu həftə Topaz Premyer Liqasında 2012-ci ilin son turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 18-ci turun dörd görüşü bu gün baş tutacaqsa, qalan iki qarşılaşma şənbə gününə təsadüf edəcək.
Turun açılış matçında “Turan” Tovuzda “Qəbələ”ni qəbul edəcək. Oyunun doğma meydanda keçirilməsi tovuzlular üçün əlavə üstünlük sayıla bilər. Cari mövsüm bir çox sürprizlərə imza atan Əfqan Talıbovun komandasının bu dəfəki qurbanı “Qəbələ” ola bilər. Amma Ramiz Məmmədovun yetirmələri son turda artıq bir sürprizlə üzləşiblər (“Simurq”a 0:1 hesablı ev məğlubiyyəti nəzərdə tutulur). Ona görə də qonaqlar bu görüşdən mütləq qalib ayrılmağa çalışacaqlar. Əks halda “Qəbələ”nin ilk altılığa düşmək şansları zəifləyə bilər. Maraq üçün qeyd edək ki, “Turan” 16-cı dəfə qarşılaşacağı rəqiblə son matçda qələbə qazansa da (1:0), bütövlükdə üstünlük “Qəbələ”nin tərəfindədi. Tovuzlular son 4 ev matçında uduzmaqla yanaşı 5 qarşılaşmada qonaqların qapısına yol tapmayıblar.
İlk altılığa düşmək şanslarını yaxşılaşdırmaq üçün ili mütləq qələbə ilə başa vurmaq istəyində olan klublardan biri də “Simurq”du. Zaqatala təmsilçisi doğma meydanda “Rəvan”la münasibətlərinə aydınlıq gətirməlidi. Georgi Çixradzenin yetirmələri son turdakı “Qəbələ” zəfərinin davamını bu görüşdə də gətirmək əzmindədilər. Lakin cari mövsüm çox uğursuz çıxışı ilə seçilən “aslanlar” da səfərə məğlub olmaq üçün getməyiblər. Baxmayaraq ki, əvvəlki 5 matçın 4-də komandalar heç-heçə ilə kifayətləniblər. Yeganə qələbənin “Simurq”un olduğu matçlarda “Rəvan” qələbəyə həsrətdi. Məhz bu mövsümün ilk dövrəsinə təsadüf edən həmin yeganə qələbə də 2 cavabsız qolla başa gəlmişdi.
Bu mövsümün digər uğursuzları “Sumqayıt”la “Kəpəz” Bakıda üz-üzə gələcəklər. “Sumqayıt” 6-cı dəfə qarşılaşacağı “Kəpəz”lə matçlarda cüzi üstünlüyə malikdi. Üstəlik Gəncə təmsilçisi səfər oyunlarında xala həsrətdi. İlk dövrədə Gəncədə keçirilən görüşdə “Sumqayıt” qolsuz heç-heçəyə nail olmuşdu. Bu dəfə isə Bernard Raabın komandası çempionatın aşkar autsayderini məğlub etməyə çalışacaq. Hər halda “Rəvan” üzərindəki zəfərin ardınca daha bir qələbə sumqayıtlıların işinə çox yarayar. Amma Mahmud Qurbanovun yetirmələri də uğursuz gedişə son qoymaq üçün əsas rəqiblərindən biri üzərində qələbə qazanmağa borcludular.
İlk oyun gününün ən prinsipial görüşü “Qarabağ”la “Xəzər Lənkəran” arasında keçiriləcək. Çünki bu komandaların hər ikisi çempionluq uğrunda mübarizə aparır. 24-cü matç öncəsi üstünlük “Xəzər Lənkəran”ın tərəfindədi. Lakin 10-cu – yubiley qələbəsini qazanacağı halda ağdamlılar oyunların balansında tarazlıq yarada bilər. “Qarabağ”ın meydanındakı son 4 qarşılaşmada 1-dən artıq qol vurulmur. İlk dövrədəki oyunda isə “Xəzər Lənkəran” 2:0 üstün olmuşdu. Bu dəfə necə olacağı maraqla gözlənilir. İli qələbə ilə başa vurmaq istəyən komandaların açıq oyuna üstünlük verməsi istisna deyil. Qurban Qurbanovun komandası qələbə qazanmaqla ən azı ilk üçlükdəki yerini qoruyacaq. “Ağ-yaşıllar” isə ilk altılıqdakı yerlərini möhkəmləndirmək üçün buna borcludu.
Bir günlük fasilədən sonra baş tutacaq son günün qarşılaşmaları isə paytaxt derbiləridi. Belə ki, “Neftçi” AZAL, “Bakı” “İnter”lə münasibətlərini aydınlaşdıracaq. “Neftçi” 17-ci paytaxt derbisi ərəfəsində həm qələbə, həm də top sayında öndədi. Son çempion öz meydanında ardıcıl 3 qələbə qazanıb. Bu komandalar cari mövsümdə ilk dəfə üz-üzə gələcəklər. Çünki ilk dövrədəki oyun məlum səbəblərdən təxirə salınmışdı. AZAL bu görüşdə təkcə xal ehtiyatını yaxşılaşdırmaq üçün yox, həm də köhnə haqq-hesabı çürütmək üçün çalışacaqr. Çünki ötən ilin dekabr ayında baş tutan “Neftçi” ilə son oyun “təyyarəçilər” üçün rüsvayçı hesabla (1:7) bitmişdi. Ona görə də Vaqif Sadıqovun yetirmələrinin meydana qisas üçün çıxmasını gözləmək olar. Böyükağa Hacıyevin komandası isə son turlardakı uğursuzluğu unutdurmaq istəyəcək.
Digər paytaxt derbisində isə lider “İnter” evdə “Bakı”nı məğlub etməklə zirvədəki yerini qorumağa çalışacaq. Artıq 31 dəfə paytaxt derbisində qarşılaşmış rəqiblərin duellərində üstünlük “Bakı”nın tərəfindədi. Amma son 3 oyunda onlar qələbə qazana bilməyib. Bundan başqa başa çatan son 5 matçda 1-dən artıq qol vurulmur. Elə ilk dövrədə keçirilən oyun da qolsuz bitmişdi. Bu dəfəki derbi də istisna təşkil etməyə bilər.
Topaz Premyer Liqası
18-ci tur
20 dekabr (cümə axşamı)
14:00. Turan – Qəbələ
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Azər Əsgərov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Tovuz. Şəhər stadionu.
15:00. Simurq – Rəvan
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala. Şəhər stadionu.
16:00. Sumqayıt – Kəpəz
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. Bayıl Arena.
16:00. Qarabağ – XəzərLənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xəqani Məmmədov.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
22 dekabr (şənbə)
15:00. İnter – Bakı
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu.
17:00. Neftçi – AZAL
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. 8-ci km. stadionu.
| 1 | İnter | 16 | 8 | 6 | 2 | 17 | 6 | +11 | 30 |
| 2 | Simurq | 17 | 8 | 6 | 3 | 20 | 11 | +9 | 30 |
| 3 | Qarabağ | 17 | 7 | 7 | 3 | 22 | 16 | +6 | 28 |
| 4 | Neftçi | 15 | 8 | 1 | 6 | 30 | 18 | +12 | 25 |
| 5 | Qəbələ | 17 | 7 | 4 | 6 | 19 | 18 | +1 | 25 |
| 6 | XL | 17 | 6 | 6 | 5 | 24 | 17 | +7 | 24 |
| 7 | AZAL | 16 | 5 | 7 | 4 | 19 | 15 | +4 | 22 |
| 8 | Turan | 16 | 5 | 5 | 6 | 19 | 20 | –1 | 20 |
| 9 | Bakı | 16 | 3 | 10 | 3 | 15 | 12 | +3 | 19 |
| 10 | Sumqayıt | 17 | 4 | 5 | 8 | 15 | 31 | –16 | 17 |
| 11 | Rəvan | 17 | 4 | 4 | 9 | 16 | 28 | –12 | 16 |
| 12 | Kəpəz | 17 | 2 | 3 | 12 | 10 | 34 | –24 | 9 |
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan).
