20 dekabr 2012 11:16
Topaz Premyer Liqası, 18-ci tur: Vladislav Qədirovun proqnozu
“Rəvan”ın sabiq baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 18-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az həmin proqnozlarla sizi də tanış edir.
Turan – Qəbələ
Tovuzda əsl mübarizə gedəcək. Son dövrlər ölkə ərazisində hava şəraiti o qədər də yaxşı deyil. Deməli, meydan yaxşı vəziyyətdə olmayacaq. “Qəbələ” “Turan”la müqayisədə daha texnikalı komandadı. Lakin belə qazonda çətin ki, onlarda nəsə alınsın. Odu ki, heç-heçə olacağını düşünürəm.
Simurq – Rəvan
Vaxtilə “Rəvan”da işləsəm də, bu oyunda onları o qədər də şanslı hesab etmirəm. “Simurq” doğma meydanda qələbə şansını əldən verməz. Əlbəttə, “Rəvan” da möhkəm komandadı. Amma meydan sahibləri birinci pillədəki mövqeyini qorumaq üçün qələbə qazanmalıdı. Fikrimcə, onlar bu istəklərinə nail olacaqlar.
Sumqayıt – Kəpəz
“Sumqayıt” indi rəqibinə nisbətən daha ambisiyalıdı. Daha yaxşı oyun sərgiləyirlər, nəticələr qazanırlar. “Kəpəz” isə özünə bənzəmir. Ona görə də üç xalı sumqayıtlılara qismət olacağı qənaətindəyəm.
Qarabağ – Xəzər Lənkəran
“Xəzər Lənkəran” son dövrlərdə bir neçə yaxşı oyun keçirsə də, “Qarabağ”la oyunda onların xal qazanacağını düşünmürəm. Mənim Ağdam klubuna həmişə simpatiyam olub. Bu, ən güclü komandalarımızdan biridi. “Qarabağ”ın qələbəsinə üstünlük verirəm.
İnter – Bakı
Hər iki komanda üçün çox çətin oyun olacaq. Amma mən “İnter”in üç xal qazanacağını düşünürəm. “Bakı” son dövrlər özünə gəlməyə başlasa da, “bankirlər” üstün olacaqlar.
Neftçi – AZAL
Hər iki komanda son oyunlarında heç-heçəyə razılaşıblar. Mənə elə gəlir ki, “Neftçi” son oyunlardan nəticə çıxarıb. Onlar başa düşürlər ki, qələbə qazanmaq lazımdı. Odu ki, “ağ-qaralar”ın qələbə qazanacağını düşünürəm.
