21 dekabr 2012 17:08
Beşiktaşın sabiq forvardı Xəzər Lənkərana gəlir (FOTO)
“Xəzər Lənkəran” qış transferi açılmasa da, artıq ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, cənub klubu Türkiyənin “Beşiktaş” komandasının sabiq hücumçusu Gökhan Güleç ilə razılıq əldə edib.
Bu məlumatı klubun vitse-prezidenti Tuyqun Nadirov da təsdiqləyib: “Biz onunla bir müddət öncə danışıqlar apardıq. Sadəcə, ilin son oyununu gözləyirdik. Gələn həftə yeni transferimizlə müqavilə bağlayacağıq. Karles Bakes bəzi mövqelərin gücləndirilməsini xahiş edib. Biz də buna uyğun olaraq işə başlamışıq. Qalan transferlərimizi gələn ilin yanvar ayında rəsmiləşdirəcəyik. Artıq Afrikadan, İspaniyadan və Rumıniyadan bəzi futbolçuları gözaltı etmişik”.
Qeyd edək ki, Güleç peşəkar karyerasına 2004/2005 mövsümündə “Gaziantepspor”da başlayıb. 2005-2007-ci illər aralığında isə o, “Beşiktaş”da top qovub. Bu komandada o, 35 oyuna 8 qol vurub.
2007/2008 mövsümündə Güleç “Denizlispor”a icarəyə verilib (13 oyun, 1 qol). 2008/2009 mövsümündə isə “Bursaspor”a transfer olunan futbolçu 28 oyunda 6 qola sevinib. 2009-2012-ci illər aralığında “Kasımpaşaspor”da çıxış edən Gökhan 28 oyuna 7 qol vurub. Onun son klubu isə “Şanlıurfaspor” olub.
Qeyd edək ki, G.Güleç 2005-2006-cı illərdə Türkiyənin U-20 və U-21 yığmalarında bütövlükdə 16 oyun keçirib və 5 qolla yadda qalıb.
