22 dekabr 2012 20:00
Rail Məlikov "fərqləndi", komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT Birinci Liqanın 17-ci turu çərçivəsində “Bucaspor” ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən ən azı bir xal ilə ayrılmağı hədəfləmişdi. Amma həmyerlimzin komandası görüşü minimal hesablı məğlubiyyətlə başa vurub.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Selahattin Dervent ötən turlarda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Məlikov 90 dəqiqə meydanda olub və 62-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Railin komandası 17 oyuna 21 xalla 12-ci yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
17-cı tur
22 dekabr
Bucaspor - Denizlispor - 1:0
