23 dekabr 2012 00:22
“Land of fire Azerbaijan” Atleticonun hədiyyəsidi, buna görə pul ödənilməyib” (VİDEO)
Azərbaycan Topaz Premyer Liqasının 18-ci turunun "İnter" - "Bakı" qarşılaşmasını izləyənlər arasında İspaniyanın "Atletico" (Madrid) klubunun rəsmiləri də yer alırdı. Azerisport.az xəbər verir ki, "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan ispanlar paytaxt klublarının nümayəndələri ilə birgə oyunu "Şəfa" stadionunun tribunalarından seyr etdilər.
Oyundan sonra açıqlama verən Migel Anxel Hil Marin olduqca maraqlı fikirlər səsləndirib. "Atletico"nun idarə heyətinin sədri komandasının oyun forması üzərində yer alan və böyük rezonans doğuraraq, gündəmdə aktuallığını itirməyən "Land of fire Azerbaijan" barədə açıqlama verib:
"Yenidən Azərbaycanda və ölkənizin gözəl paytaxtında olmaqdan məmnunam. Hafiz Məmmədova təşəkkür edirəm ki, bizə bu qədər böyük diqqət və qayğı ilə yanaşır. "Atletico" və "Bakı" böyük əməkdaşlıq müqaviləsinə imza atıblar. Biz bu tərəfdaşlığın Azərbaycan futbolunun inkişafı üçün çox faydalı olacağına inanırıq. Komandamızın La Liqa oyunlarına "Land of fire Azerbaijan" reklamı ilə çıxmasına aydınlıq gətirmək istəyirəm. Əməkdaşlıq barədə ilk müzakirələrimizdə "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov bu tərəfdaşlığın tək futbolla çərçivələnməsini deyil, ümumiyyətlə Azərbaycan və İspaniya xalqlarının dostluğuna xidmət etməsi arzularını ifadə etdi. Bu təklif böyük maraqla qarşılandı. Biz "Atletico" olaraq, qədim və tarixi ənənələrə malik Azərbaycan tərəfi ilə əməkdaşlıqla fəxr edirik. Bu ölkənin səmimi və mehriban insanlarına dərin hörmətlə yanaşırıq. Klublarımız və xalqlarımız arasında yaradılan bu körpüyə görə Hafiz Məmmədova təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, "Atletico" oyun formaları üzərində "Land of fire Azerbaijan" yazısının yerləşdirilməsi ideyasının müəllifi özüməm. Hətta onu da əlavə edim ki, yazının məzmun və dizayn ideyası da mənim təxəyyülümün məhsuludu. "Atletico" bu reklamın yerləşdirilməsi ilə ölkənizə və xalqınıza olan hörmət və ehtiramını ifadə edir. Bu fəaliyyət üçün klubumuza heç bir vəsait ödənilməyib və bu məsələ müzakirə mövzusu deyil. "Land of fire Azerbaijan" "Atletico" klubunun hədiyyəsidi. Biz iki klub arasında əməkdaşlığa geniş müstəvidən yanaşırıq. İnanıram ki, "Atletico" və "Bakı" klubları arasında yaşanan hərtərəfli əməkdaşlıq Azərbaycan futbolunun inkişafında öz sözünü deyəcək".
Çıxışını bu sözlərlə tamamlayan Migel Anxel Hil Marin alqışlar aıtında üzərində "Land of fire Azerbaijan" yazılan "Atletico" formalarını "İnter"in prezidenti Cahangir Hacıyev və "Bakı"nın prezidenti Hafiz Məmmədova təqdim edib.
