25 dekabr 2012 00:08
Bakı ukraynalı hücumçu alır (FOTO)
“Bakı” qış fasiləsində ukraynalı futbolçu ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, Ukraynanın birinci divizionunda çıxış edən “Stal” klubunun hücumçusu Roman Loktionov Azərbaycan təmsilçisinin diqqət mərkəzinə düşüb.
Bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, bu movsüm keçirdiyi 21 oyunda 10 qola imza atan gənc hücumçuyla təkcə “Bakı” maraqlanmır. Belə ki, onun xidmətində Ukrayna Premyer Liqasında çıxış edən “Vorskla” da maraqlıdı. Artıq bu klub tərəfindən “Stal”a rəsmi müraciət edildiyi də bildirilir.
Həmçinin qeyd olunur ki, Loktionov qış fasiləsində hansı kluba keçəcəyi ilə bağlı yekun qərarı yaxın günlərdə verəcək.
Qeyd edək ki, Loktionov 1986-cı ildə anadan olub. Futbol sirrlərinə “Kristal”da yiyələnən bu hücumçunun ilk peşəkar klubu “Oleksandria” olub. O, bu komandada 2004-2006-cı illər aralığında 30 oyun keçirib, 3 qol vurub. 2007/08 mövsümündə “Kremin”də oynayaraq 52 qarşılaşmada 21 qola imza atıb. 2008-2010-cu illərdə “Vorskla”da oynayan Roman bu klubda cəmi 7 oyun keçirib. 2009/10 mövsümündə isə yenidən icarə əsasında “Oleksandria”da çıxış etmək şansı qazanıb (20 oyun, 2 qol). 2010-cu ildən “Stal”da çıxış edən Loktionov cəmi 18 qarşılaşmaya 1 qolla yadda qalıb.
