28 dekabr 2012 12:21
Bakı Yeni il şənliyi keçirdi
“Bakı”nın bazasında qarşıdan gələn Yeni il və dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş təntənəli şənlik keçirilib. Azerisport.az xəbər verir ki, tədbirə klubun gənc və yeniyetmə futbolçuları, məşqçilər, klub rəhbərliyinin nümayəndələri qatılıblar.
"Bakı"nın təlim-məşq bazasının qapalı meyanında təşkil olunan rəngarəng şənliyə fəxri qonaqlar qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, dünya çempionu olmuş güləşçi Xəzər İsayev, Azərbaycan Gənclər idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev də qatılımışdı.
Rəsmi çıxışlarda 2012-ci ilin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə idman ili elan oldunduğunu, ölkəmizin London yay olimpiya oyunlarında qazandığı yüksək tarixi nailiyyətlər, 2015-ci ildə Azərbaycanda təşkil olunacaq Avropa olimpiya oyunlarına ev sahibliyi hüququ qazanmasını, FİFA U-17 qadınlararası dünya çempionatının Odlar Yurdunda müvəffəqiyyətli təşkilini ilin əhəmiyyətli hadisələri kimi dəyərləndirərək, bunu ölkəmizin günü-gündən artan qüdrəti ilə əlaqələndirdilər və gənc futbolçulara gələcəkdə uğurlar arzuladılar.
İlin hesabatı yekununda Bakı futbol klubunun təlim-məşq bazasının inşasının ikinci mərhələsinin başa çatması, FİFA U-17 qadınlararası dünya çempionatının təşkilində özünəməxsus rolu, əsas məşq bazası kimi istifadə olunmasını, klubun “Atletico” Madrid və “Lans” klubları ilə əməkdaşlığa başlamasını ilin əlamətdar hadisələri sırasına əlavə olundu.
Tədbirə video-konfrans vasitəsi ilə qoşulan "Atletico" Madrid idarə heyətinin sədri Migel Anxel Xil Marin sürətlə inkişaf edən kluba ən xoş sözləri və arzularını çatdırmaqla bərabər, yeni il təbrikini azərbaycanca səsləndirdi: "Salam Bakı, Yeni İliniz mübarək". Marin qarşılıqlı əməkdaşlığın Azərbaycan futbolunun inkişafında xüsusi rol oynayacağına əmin olduğunu bildirdi.
Yeni il və həmrəylik bayramı ilə yanaşı 2012-ci il ərzində görülən işlər və yadda qalan hadisələrə də nəzər yetirilib. Yarışlarda fərqlənən gənc və yeniyetmə futbolçulara hədiyyələrə təqdim olunub. Gənc futbolçular klubda yaradılan ali şərait üçün klub prezidenti cənab Hafiz Məmmədova təşəkkür edərək, bundan sonra da daha əzmkarlıqla çalışaraq, klubu milli komandalarda ləyaqətlə təmsil edəcəklərinə söz veriblər.
Sirk nömrələrinin nümayişi alqışlarla qarşılanıb. Musiqi ustaları da bu bayrama öz töhvələrini veriblər. Sevda Yəhyayeva, Səlim, Şeron qrupu, Manananın çıxışları böyük coşğuya səbəb olub.
Təxminən, 3 saat davam edən əyləncəli proqramın sonunda yeni il tortu kəsilib. Klubun baş meneceri Zeynal Məmmədov üzərində “Bakı”nın rəmzləri olan tortu kəsərək, uşaqların ixtiyarına verib.
