5 yanvar 2013 12:57
Bakı yanvarın 7-də bir araya gələcək
İl sonu ilə əlaqədar ölkə çempionatında yer alan fasilə başa çatmaq üzrədi. Azerisport.az xəbər verir ki, təxminən, 15 günlük istirahətin sona yaxınlaşması ilə bərabər vətənlərində dincələn məşqçi və futbolçu heyətinin üzvləri gələn həftədən başlayaraq Bakıya qayıdacaqlar.
"Bakı" futbolçuları 7 yanvar 2013-cü il tarixində bir araya gələrək, yeni il tətilindən sonra hazırlıq prosesini bərpa edəcəklər.
1 həftə ərzində klubun təlim-məşq bazasında məşq edəcək komanda yanvar ayının 14-də Antalyaya yollanacaq. "Bakı" qardaş ölkədə 2 həftəlik təlim-məşq toplantısı keçirəcək. Komanda "Rixos Premium" otelində məskunlaşacaq və gündə 2 dəfə olmaqla taktiki və fiziki təmrinlər üzərində çalışacaq.
Bu müddət ərzində 3 və ya 4 yoldaşlıq oyununun baş tutacağı gözlənilir. Yoxlama oyunlarının tarixləri dəqiqləşdirilir. Mümkün rəqiblərdən biri Almaniyanın "Dinamo" Drezden klubu olacaq. Digər potensial sparring rəqiblərlə danışıqlar davam edir.
Təlim-məşq toplantısı dövründə bir neçə yeni futbolçunun düşərgəyə baxışa dəvət olunacağı nəzərdə tutulur.
