7 yanvar 2013 11:25
Aslan Kərimov: Yığmamız yeni ildə daha çox xal toplamağa borcludu
Futbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı, U-16 millimizin baş məşqçisi Aslan Kərimov 2012-ci ili dəyərləndirib, eləcə də 2013-cü illə bağlı gözləntilərini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, öncə əsas yığmamızın çıxışına toxunub:
“Ötən ili yığmamız üçün uğursuz hesab etmirəm. Çünki DÇ-2014-ün seçmə mərhələsində kifayət qədər yaxşı çıxış etdik. Biz hələ heç bir tsiklə bu qədər uğurlu başlamamışdıq. Fikrimcə, daha artığına da nail ola bilərdik. Elə sərgilədiyimiz oyunu da pis qiymətləndirmək olmaz. Lakin komandamız daha çox xal toplamağa borcludu”.
“Ötən ili yığmamız üçün uğursuz hesab etmirəm. Çünki DÇ-2014-ün seçmə mərhələsində kifayət qədər yaxşı çıxış etdik. Biz hələ heç bir tsiklə bu qədər uğurlu başlamamışdıq. Fikrimcə, daha artığına da nail ola bilərdik. Elə sərgilədiyimiz oyunu da pis qiymətləndirmək olmaz. Lakin komandamız daha çox xal toplamağa borcludu”.
Kərimov Topaz Premyer Liqasından da danışıb: “Bu mövsüm əvvəllər zəif hesab etdiyimiz klublar tamamilə fərqli oyun sərgiləməyə başlayıblar. Məsələn, “Simurq”u mövsümün başlanğıcında çətin ki, kimsə bu qədər ciddi qəbul edərdi. Amma indi onlar ilk sıralardadılar. Yaxud “Xəzər Lənkəran” olsun. Bu komanda çempionluğa əsas namizədlərdən hesab olunsa da, hazırda işləri heç də qaydasında getmir. “Qarabağ” avrokuboklar uğrunda mübarizə aparan komanda hesab olunsa da, indi çempionluq şansları da var. “İnter” həmişəki kimi, sabit oyun sərgiləyir. “Bakı” bir qədər məyus edir”.
Yığmamızın sabiq kapitanı çempionatın ilk hissəsi üçün “İnter”lə “Qarabağ”ı xüsusi vurğulayıb: “Ağdamlılara bu mövsüm ağır olsa da, getdikcə hər şey qaydasına düşür. Mövsümün əvvəlində bəzi futbolçuları da zədəli idi. Məsələn, Əfran İsmayılov demək olar ki, özünü göstərmək şansı qazana bilmədi. Amma zədədən sonra formasını qaytarmağa başladığı hiss olunur. “İnter”ə gəlincə, bu komandanın formalaşmış heyəti var. Ona görə də onların sabit çıxışı təəccüblü deyil. “Bankirlər” həmişəki kimi, az qol vurub, az qol buraxmaqla nəticə qazanmağa çalışırlar”.
Kərimov “Neftçi”nin Avropa Liqasındakı çıxışına da qiymət verib: “Neftçi”nin Avropa Liqasındakı çıxışı da göstərdi ki, futbolumuz irəli gedir. Bu uğur Azərbaycan futbolunun inkişafına təsirsiz ötüşmüyəcək. Artıq hər bir komanda ilk növbədə qrup mərhələsinə vəsiqə qazanmaq üçün çalışacaq”.
U-16-nın çalışdırıcısı yaxın illərdə bu uğurun təkrarlanacağına ümidli olduğunu bildirib: “Əlbəttə, bu, çətin olacaq. Burda çoxlu amillər var. Məsələn, qarşımıza elə rəqiblər çıxa bilər ki, onları yalnız bəxt sayəsində məğlub edə bilərik. Fikrimcə, iki komandamızın pley-off mərhələsinə vəsiqə qazanması da uğur sayıla bilər”.
