7 yanvar 2013 13:31
Qəbələ hazırlıqlara start verir
Premyer Liqanın XVIII turundan – “Turan”la matçdan sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir. Azerisport.az xəbər verir ki, təlim-məşq prosesinin ilkin mərhələsi Mingəçevirdə baş tutacaq komanda sabah - yanvarın 8-i sözügedən şəhərə yollanacaq.
Toplanışın birinci mərhələsi yanvarın 18-ə kimi davam edəcək. Hazırlıq müddətində komanda “Kür” oteldə məskunlaşacaq. Yanvarın 20-də isə komanda Antalyaya yola düşəcək. Hazırlıq prosesinin ikinci mərhələsinə fevralın 3-də yekun vurulacaq. Bu müddətdə “Qəbələ” qardaş ölkədə 4 yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmalar yanvarın 22-i, 25-i, 28-i və fevralın 1-i baş tutacaq.
Komanda toplanış müddətində Antalyanın Belek bölgəsində yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq.
