9 yanvar 2013 11:23
“Öncə Ermənistan, sonra Azərbaycan”
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts komandasının qarşıdakı hazırlıqları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi Türkiyənin Belek şəhərində təlim-məşq toplanışı keçəcək.
“Biz artıq üç ildi ardıcıl olaraq Belekdə hazırlıq keçirik. Hazırlıq yerimizi dəyişməyin heç bir əsası yoxdu. Çünki orda normal hazırlaşmağımız üçün hər cür şərait var”.
43 yaşlı mütəxəssis yoxlama oyunları ilə də bağlı açıqlama verib: “Almaniyanın “Wolfsburg” klubu yanvarın 10-da bizimlə yoxlama oyunu keçirmək istəyirdi. Amma mən bundan imtina etdim. Mənim fikrimcə, bu oyun bizə heç bir fayda verməzdi. Almaniyada Bundesliqa tezliklə bərpa olunacaq. Amma Lüksemburq çempionatının startına hələ çox var. Biz indi hələ belə komandalarla oynamağa hazır deyilik”.
O, bu toplanışda əsas hansı məqamlara diqqət yetiriləcəyi barədə də danışıb: “Birincisi, fiziki hazırlıqdı. Futbolçular istirahətdən yenicə qayıdıblar. İndi fiziki kondisiyaları yaxşılaşdırmaq lazımdı. İkincisi topla çalışmaq üçün xeyli vaxtımız olacaq. Psixoloji hazırlığa da xüsusi diqqət yetirmək istəyirəm. Bu il bizi vacib oyunlar gözləyir. Onlara indidən konsentrasiya olmaq lazımdı”.
Qeyd edək ki, Lüksemburq martın 26-da Azərbaycan yığmasını qəbul edəcək. Lakin Holts ilk öncə Ermənistanla oyun haqda düşünmək lazım olduğunu bildirib: “Biz öncə Ermənistanla yoxlama matçı, daha sonra isə Azərbaycanla qarşılaşma barədə düşünməliyik. Bu oyunlar çox şeyə aydınlıq gətirəcəklər. Nə qədər çox təcrübə olsa, bir o qədər inkişaf olur”.
