10 yanvar 2013 17:09
Böyükağa Hacıyev: Məqsəd Azərbaycan çempionatının və kubokunun qalibi olmaqdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandanın Türkiyədə keçirəcəyi hazırlıq barədə klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Böyükağa müəllim, komanda 11 yanvar tarixindən etibarən hazırlığını Türkiyədə davam etdirəcək. İstərdik ki, hazırlıq planlarınız haqqında danışasınız.
- Ötən mövsüm olduğu kimi bu dəfə də qış fasiləsi hazırlığını Türkiyənin Antalya şəhərində keçəcəyik. Yanvar ayının 23-ə kimi davam edəcək ilk mərhələdə əsasən fiziki məşqlərə üstünlük verəcəyik. Daha sonra futbolçulara 2 gün istirahət veriləcək. Yanvar ayının 25-dən isə hazırlığın ikinci mərhələsi başlayacaq ki, burada da komandanın taktiki texniki keyfiyyətlərinin yaxşılaşdırılması istiqamətində çalışacağıq.
- Yəqin ki, bu vaxt ərzində komanda yoxlama oyunları da keçirəcək.
- Hazırlıq dövründə yoxlama oyunlarının təşkili mütləqdir. Ümumilikdə 4-5 oyun keçirmək niyyətindəyik. Bu həm oyun təcrübəsinin artırılması, həm də hazırlıq prosesinin faydasını görmək üçündür. Rəqiblərimiz, Xorvatiya, Almaniya, Rusiya, Polşa və bu kimi ölkələrin təmsilçiləri olacaq.
- Hazırlıq zamanı komandaya yeni futbolçular cəlb olunacaqmı?
- Seleksiyaçı məşqçilər bu istiqamətdə işləri davam etdirirlər. Onların təklif edəcəkləri futbolçulara baxacam və əgər bizi qane edən səviyyədə olsalar komandaya cəlb olunacaqlar.
- “Neftçi” mövsümün ilk yarısı 30 oyun keçirdi və sona yaxın futbolçularda yorğunluq hiss olunurdu. Hal-hazırda heyətdəki futbolçuların durumu necədir?
- Futbolçuların dincəlmək üçün kifayət qədər vaxtı oldu. Artıq onlar yorğunluğu üzərlərindən atıblar. Məqsədimiz Azərbaycan çempionatının və kubokunun qalibi olmaqdı. Avrokuboklarda isə özümüzə məxsus nəticəni daha da yaxşılaşdırmaq niyyətindəyik. (klub saytı)
