10 yanvar 2013 12:31
Uinston Parks Bakıya fevralda qoşulacaq
Qış fasiləsindən sonra bir araya gələn "Bakı" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında məşq edən futbolçular hələlik daha çox fiziki hazırlıqlara üstünlük verirlər.
Viza məsələsində problem yaşanan və bu səbəbdən toplanış gününə qədər ölkəmizə gələ bilməyən Edemir Rodriqes və son çempionat oyununda zədələnərək xəstəxanaya düşən Edin Nuredineski məşqə qatılmayanlar arasındadılar. Makedoniyalı qapıçının düşərgəyə bu günlərdə gələcəyi gözlənilir.
Məruz qaldığı cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçən Uinston Parks komandaya fevralın əvvəllərində qoşulacaq. Komandanın heyətinə cəlb olunan Aqil Nəbiyev artıq məşqə "Bakı" forması ilə çıxır.
5 gün ərzində məşqlərini təlim-məşq bazasında davam etdirəcək komanda bunun ardından qış təlim-məşq toplantısının məkanı Türkiyəyə yollanacaq. Komanda 14 yanvar tarixində Antalyaya yola düşəcək.
