11 yanvar 2013 17:38
Simurqa futbolçu axını var
“Simurq”un əvəzedici heyəti qış fasiləsindən istifadə edərək həm seleksiya işləri aparır, həm də çempionata hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, komanda yanvarın 5-dən Zaqatalada bir araya gələrək, geniş tərkibli işlərə başlayıb.
İlk növbədə baş məşqçi Rövşən Babayevin rəhbərliyi altında heyəti yenidən kompleksləşdirmək və gücləndirmək üçün seleksiya xarakterli məşqlərə start verilib. Bu haqda məlumat verən gənc mütəxəssis qeyd edib ki, hazırda “Simurq”a böyük futbolçu axını var:
“Hazırlıqlara ayın 5-dən start vermişik. İlk işimiz məhz seleksiya xarakterli toplanış etmək oldu. Demək olar bir çox bölgədən düşərgəmizə yeni futbolçular təşrif buyurub. Əsasən 1993,1994, 1995 və 1996-cı il təvəllüdlü yeniyetmələri seçimlərimizə dəvət etmişik. 50 nəfərdən artıq istedadlı uşaq seleksiya məşqlərimizdə iştirak edib və onlar arasında gələcəkdə bizə kömək edə biləcək uşaqlar seçilib. “Neftçi”dən, “Rəvan”dan, “Qarabağ”dan, “Sumqayıt”dan bir neçə futbolçunu da heyətimizə qatmağı planlaşdırırıq. Bu komandalardan “Simurq”a böyük axın var. Onlar Zaqatala təmsilçisinin heyətində oynamaq üçün bizə müraciət ediblər və məşqlərimizə qoşulublar. Bu komandanın tarixində ilk dəfədir ki, paytaxt klublarından bölgə təmsilçisinə böyük futbolçu axını var. O cümlədən, birinci dəstə təmsilçilərindən, xüsusən “Energetik”dən 5 yeni gələcəyinə ümud bəslədiyimiz futbolçunu heyətimizə qatmışıq. Ürək açan bir məqamdır ki, Mingəçevirdə bu cür istedadlı futbolçular yetişir və bizdə onları seçib, dəyərləndirməyə çalışırıq. Məşqçiləri Samir Məmmədovda çox sağ olsun ki, bu işdə bizə böyük köməklik göstərir”.
Rövşən müəllim bu gündən hazırlıqların ikinci mərhələsinə başlanılacağını, lakin seleksiya işlərinin ayın sonuna qədər davam edəcəyini də qeyd edib: “Artıq bu gündən hazırlıqların növbəti mərhələsinə start verəcəyik. Yeni seçilmiş futbolçularla birlikdə əvəzedici heyət təlim-məşq prosesinə başlayacaq. Ancaq seleksiya işlərimiz hələ tamamlanmayıb. Ayın sonuna qədər bu prosesi davam etdirəcəyik. Komandanı tam olaraq kompleksləşdirmək niyyətindəyik. Burada özünü doğruldan futbolçuları gələcəkdə əsas heyətə vermək məqsədindəyik. İşimizi bu prinsip əsasında qurmuşuq”.
Əvəzedici heyət hazırlıq prosesində yoldaşlıq görüşləridə keçirdəcək. Bu haqda da klubun rəsmi saytına məlumat verən Rövşən Babayev, əvəzedici heyətin hələ ki, üç yoxlama görüşü keçirməyi planlaşdırdığını deyib: “Yanvarın 14, 25 və 30-da yoldaşlıq görüşləri keçirməyi nəzərdə tutmuşuq. İlk yoxlama oyunumuz Zaqatalada Gürcüstanın “Zestafoni” komandasının əvəzedici heyətilə olacaq. Daha sonra isə səfərdə Gəncənin “Tərəqqi” və Mingəçevirin “Energetik” kollektivləri ilə qarşılaşacayıq. Hələlik bu komandalar ilə oynamağı planlaşdırırıq”.
Qeyd edək ki, “Simurq”un əvəzedici heyəti fasiləyə qədər çempionatda 18 rəsmi qarşılaşmaya çıxıb. Bu oyunların 12-də qalib gələn və 2 matçda heç-heçə edən komandamız, hazırda 38 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
