11 yanvar 2013 13:35
Qəbələ əvəzedicilərini də Türkiyəyə göndərir
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2012-2013 mövsümünün ikinci yarısının hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, iki mərhələdən ibarət olacaq hazırlıq prosesinin ilk hissəsi Qəbələdə baş tutacaq.
Bu məqsədlə doğma məkanda toplaşan Luis Araqonun yetirmələri yanvarın 10-dan etibarən təlim-məşqlərə başlayıblar. Hazırlığın ilk günü qarlı hava şəraitinə görə qapalı meydançada keçirilib.
Xatırladaq ki, Qəbələ toplanışı yanvarın 17-dək davam edəcək. Yanvarın 20-də isə komanda Antalyaya yollanacaq. Təlim-məşq prosesinin ikinci mərhələsi müddətində qırmızı-qaralar Belek bölgəsində yerləşən “Papillon Ayscha” otelində məskunlaşacaq. Antalya toplanışında “Qəbələ” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər və qarşılaşmaların keçiriləcəyi tarixlər yaxın günlərdə dəqiqləşəcək.
