11 yanvar 2013 15:31
Orxan Əliyev Trabzonspora gedir
Futbol üzrə Azərbaycanın U-19 yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyev Türkiyənin “Trabzonspor” klubuna baxışa yollanacaq. Azerisport.az xəbər verir ki, yığmamızın üzvü qardaş ölkəyə yanvarın 22-də yola düşəcək və orda təxminən bir həftə baxışda olacaq.
Məhz bu müddət ərzində Orxan özünü məşqçilər korpusuna göstərməlidi. Məlumatı klubun mətbuat xidmətindən də təsdiqləyiblər.
Qeyd edək ki, “Trabzonspor”u hazırda Şenol Günəş çalışdırır. Orxanla bağlı yekun qərarı da məhz o verəcək.
Maraq üçün bildirək ki, bir neçə ay öncə Portuqaliyanın “Porto” klubunda da baxışda olan, amma sonda danışıqları alınmayan futbolçunun xidmətində “Xəzər Lənkəran” da maraqlıdı. Lakin “Sumqayıt” onu yerli klublara buraxmaq fikrində deyil. Onlar yalnız əcnəbi klubların təkliflərinə açıq olduqlarını bildirirlər.
Hazırda isə Orxan Əliyev U-19-la birgə Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxış edir.
