11 yanvar 2013 16:07
Xəzər Lənkəranda yeni türk mütəxəssis (FOTO)
“Xəzər Lənkəran” Futbol Klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olunub. Azerisport.az xəbər verir ki, bu gün klubun ofisində türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İlhan Akgül klubumuzun aşağı yaş qruplarına nəzarət edəcək.
41 yaşlı İlhan Akgül “Xəzər Lənkəran” camiəsinə yaxşı tanışdı. O, vaxtilə bu klubda idman direktoru vəzifəsində çalışan Cüneyt Biçer tərəfindən digər türk məşqçilərlə birlikdə “Xəzər Lənkəran”a dəvət olunmuş və bir il ərzində aşağı yaş qruplarını çalışdırmışdı.
Cüneyt Biçerdən fərqli olaraq İlhan Akgül vaxtilə özü də futbolçu həyatı yaşayıb. O, 19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirib, o cümlədən 7 il Superliqa təmsilçisi olmuş “Altay" klubunun şərəfini qoruyub.
İlhan Akgül məşqçi qismində artıq 6 ildir ki çalışır. O, UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir. Mütəxəssis Türkiyə millisinin aşağı yaş qrupları üzrə koordinator və məşqçi köməkçisi vəzifələrində çalışıb.
